Regionda yüksəkixtisaslı dənizçi kadrlar hazırlayan yeganə təhsil ocağı

Azərbaycanda dənizçilik təhsilinin tarixi XIX əsrin sonlarından başlasa da, Azərbaycan Dövlət Dəniz Akademiyasının müstəqillik dövründə yaranması dənizçilik təhsilinin inkişafının yeni mərhələsinin başlanğıcı oldu.

Heydər Əliyevin sərəncamı əsasında Nazirlər Kabinetinin 1996-cı il 15 iyul tarixli qərarı ilə Bakı Dəniz Yolları Məktəbinin bazasında Azərbaycan təhsilinin yeni istiqaməti olaraq təkcə Gəmiçilik üçün deyil, dünya sularında üzən yüksəkixtisaslı dənizçi kadrlar hazırlayan Azərbaycan Dövlət Dəniz Akademiyası yaradıldı.

Yarandığı ilk gündən Akademiya ulu öndər Heydər Əliyevin Azərbaycanı dünyaya tanıtması siyasətinin davamı kimi ölkəmizin üzv qəbul olunduğu Beynəlxalq Dəniz Təşkilatının  “Dənizçilərin hazırlanması, sertifikatlandırılması və növbə çəkməsi haqqında” 1978-ci ildə qəbul edilmiş Beynəlxalq Konvensiyasının tələblərinə uyğun olaraq təhsilini qurub. Bu məqsədlə bütün ixtisaslar üzrə baza təhsil proqramları, tədris planları və təhsilin dövlət standartları hazırlanmış və müvafiq qaydada təsdiq edilərək  BDT tərəfindən qəbul edilib.  Akademiya 012 sayı altında  dünya ali dəniz təhsili sisteminin kataloquna daxil edilib. Diplomu dünyanın 170 ölkəsi tərəfindən tanınan akademiya bu gün Beynəlxalq Dənizçilik Ali Məktəbləri Assosiasiyasının, Sankt-Peterburq şəhərindəki A.Makarov adına Dənizçilik Akademiyası tərkibində fəaliyyət göstərən MDB ölkələrinin dənizçilik ali məktəblərinin Tədris-metodiki Şurasının üzvüdür, Xəzəryanı dövlətlərin Ali Məktəbləri Assosiasiyasının fəal iştirakçısı və 17 xarici ölkə dənizçilik ali məktəbləri ilə birbaşa əməkdaşlıq edən ali təhsil müəssisəsidir.

Diplom və sertifikatları beynəlxalq səviyyədə tanınan Akademiyanın fəaliyyəti çoxşaxəli olmaqla həm yüksəkixtisaslı dənizçi kadrların hazırlanması, həm də onların ixtisasartırma və yenidən hazırlanması istiqamətlərilə müşayiət olunur.  Bu məqsədlə Akademiyada Nazirlər Kabinetinin 2000-ci il 8 may tarixli 83 saylı qərarı ilə “Dənizçilərin hazırlanması və sertifikatlandırılması mərkəzi” yaradılıb. 2014-cü ildən isə dənizdə işləyən mütəxəssislərin hazırlanması və sertifikatlandırılmasını Akademiyanın nəzdində fəaliyyət göstərən Təlim Tədris Mərkəzi həyata keçirir. Təlim Tədris Mərkəzinin əsas məqsədi gəmi heyətlərinin və dəniz obyektlərində işləyən mütəxəssislərin Dənizçilərin Hazırlanması, Sertifikatlandırılması və Növbə Çəkmələri (DHSNÇ) haqqında Beynəlxalq Konvensiyanın və ona edilmiş əlavələrin tələblərinə və standartlarına uyğun hazırlanmasıdır. Təlim Tədris Mərkəzində 31 adda kurslar üzrə dinləyici hazırlığı həyata keçirilir.

Gəmiçiliyin donanması yeni və müasir gəmilər hesabına zənginləşdikcə, Akademiyanın tədris prosesi də yeni trenajorlarla təmin edilir və laboratoriya şəbəkəsi genişlənir. Akademiyada tədrisin dünya standartlarına cavab verməsi məqsədilə müasir avadanlıq və trenajorlarla təchiz edilmə prosesi ardıcıl şəkildə davam etdirilir.

 Akademiya 2002-ci ilin oktyabrından etibarən davamlı olaraq dənizçi mütəxəssislərinin hazırlanması sahəsində keyfiyyətin menecmenti sistemi üzrə İSO 9001 Beynəlxalq standartı ilə işləyir və 2010-cu ildən Akademiyada İSO 9001:2008 keyfiyyət menecment sistemi tətbiq edilir. 2015-ci ilin aprel ayından Akademiya keyfiyyətin menecmenti sisteminin İSO 9001:2008 standartının yeni sertifikatı ilə işləyir.

2016-cı ilin fevralından dünyanın nüfuzlu təsnifat cəmiyyətlərindən olan Amerika Gəmiçilik Bürosunun (ABS) TTM-də  apardığı beynəlxalq auditin nəticələri əsasında ABS-in “Tədris müəssisələrinin və təlim kurslarının sertifikatlaşdırılması üzrə standartları”na uyğunluğu təsdiqlənib və beləcə Akademiya 2016-cı ildə ABS-in uyğunluq sertifikatını əldə edib.

Gəmiçiliyin daim yüksək ixtisaslı kadrlara olan ehtiyacının ödənilməsi keyfiyyətə üstünlük verilməsi şərtilə reallaşır. «Azərbaycan Dəniz Gəmiçiliyi» Qapalı Səhmdar Cəmiyyətinin əsas kadr sütünu olan ADDA Cəmiyyət və onun sədri Rauf Vəliyevin daim diqqət və qayğısı ilə əhatə olunur. Təhsildə uğurlu nəticələrlə  fərqlənən məzunların işlə təmin olunması (zəmanət məktublarının verilməsi əsasında), onların karyera inkişafı, əlavə təhsil alması, Qara dənizdəki gəmilərə üzmə təcrübəsinə göndərilməsi, təqaüd proqramının tətbiqi, habelə sosial müdafiəsinin gücləndirilməsi bu diqqətin nəticəsidir.

Azərbaycan Dövlət Dəniz Akademiyasında dənizçilik ixtisasları üzrə təhsilin bütün pillələrində (bakalavriatura, magistratura, doktorantura) yüksək səviyyədə müasir standartlara cavab verən  tədris prosesi qurulub.

Hazırda ADDA-da 3 fakültə və 8 kafedra fəaliyyət göstərir. Akademiyada 1300-ə yaxın tələbə təhsil alır ki, onların da tədrisi, təlim-tərbiyəsi ilə 8 professor, 34 dosent, 64 baş müəllim və 50 assistent müəllim məşğul olur. Burada 6 ixtisas—”Dəniz naviqasiyası mühəndisliyi”, “Gəmi energetik qurğularının istismarı mühəndisliyi”, “Elektrik mühəndisliyi” , “Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi”, “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasları üzrə tədris həyata keçirilir.

Bu gün Dəniz Akademiyasında təkcə ölkə gəncləri deyil, Rusiya, Türkiyə, Gürcüstan, Qazaxıstan və Ukraynadan gələn tələbələr də təhsil alır.

Akademiyada müasir tədrisi təmin edən vasitələrdən biri kimi tədris gəmisindən konvension ixtisaslarda təhsil alan tələbələrin nəzəri və praktik məşğələlərinin tədrisində və istehsalat təcrübələrinin keçirilməsində istifadə olunur. 2017-ci ildən Tədris gəmisi kimi ADDA tələbələrinin ixtiyarına verilən “Sabit Orucov” adına sərnişin gəmisində, digər müasir dünya standartlarına cavab verən gəmilərdə, Bakı Gəmiqayırma Zavodunda tələbələrimiz həm ixtisas fənlərini, həm də istehsalat təcrübəsini keçirlər.

Akademiyada təhsil alan tələbələr tam təmirli, ödənişsiz yataqxana, gündə iki dəfə yemək, yaz-qış  geyimlərlə ödənişsiz təmin olunur. Onların təlabatını ödəyən,  azərbaycan, rus və ingilis dillərində çoxsaylı dənizçilik peşəsinə aid kitabla təmin olunmuş İnformasiya-resurs mərkəzi,  poliklinika, yeməkxana, idman zalları, hovuz vardır.

Nazirlər Kabinetinin 19 may 2016-cı il tarixli, 197 nömrəli qərarı ilə Təhsil Nazirliyinin Dəniz Balıq Sənayesi Kolleci “Azərbaycan Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyinə verilib və Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Dənizçilik Kolleci adlandırılıb.

Məsuliyyətli və şərəfli yolda – yüksəkixtisaslı, müasir dünyagörüşlü, peşəkar kadrların yetişdirilməsi istiqamətində böyük əmək sərf edən  ADDA-nın rektoru Ç.M.Əliyev bugün nəinki ADDA-da təhsil alan tələbə gənclərimiz üçün geniş imkanlar yaradır, eləcə də təhsilin keyfiyyətinin,  hər il ADDA-ya daxil olan tələbə kontingentinin təhsil göstəricilərinin yüksəldilməsi, onların ildən-ilə inkişafı, tələbə qəbulu prosesinə hazırlıq istiqamətində həyata keçirdiyi silsilə tədbirlərin nəticəsində Akademiyaya ildən-ilə yüksək hazırlıqlı məzunların (600-dən çox bal toplayan tələbələrin məhz ADDA seçimi ildən-ilə artır)  qəbulu baş tutur.

Bu gün hərtərəfli dövlət qayğısı ilə əhatələnmiş Azərbaycan gəncliyinin bir hissəsi olan  ADDA gəncləri qərarları ilə Ulu öndərin gənclər siyasətinə sadiqliyini təsdiq edən Prezdident İlham Əliyevin «Neft gəlirlərini insan kapitalına» çevirmək istiqamətində səylə çalışaraq cəmiyyətin inkişafına öz töhfələrini verirlər.

Rektor: Əliyev Çingiz Mansur oğlu
Ünvan: Bakı şəhəri, AZ1000, Zərifə Əliyeva küç. 18
Telefon: (+99412) 493 75 21, 493 09 63
Faks: (+99412) 493 75 21
www.adda.edu.az
E-mail: akademiya@adda.edu.az

(012) 404 39 00

AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, Heydər Əliyev pr-ti,152

Elektron bilet