“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti iqtisadiyyatda köklü struktur islahatlarının davam etdirilməsi, dəniz gəmiçiliyi sahəsində yerli və beynəlxalq daşımaların artırılması, ölkənin rəqabət qabiliyyətinin və tranzit potensialının gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında 22 oktyabr 2013-cü il tarixli 6 nömrəli və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında 10 yanvar 2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən, respublikada mövcud olan iki böyük donanmanın – Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək yenidən təşkil olunması yolu ilə yaradılıb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin tərkibinə nəqliyyat donanması ilə yanaşı, ixtisaslaşdırılmış donanma və gəmi təmiri zavodları daxildir. Nəqliyyat donanmamızın tərkibində 51 gəmi, o cümlədən 20 tanker, 13 gəmi-bərə, 15 universal quru yük gəmisi, 2 Ro-Ro tipli gəmi, eləcə də 1 texniki gəmi və 1 üzən emalatxana vardır. İxtisaslaşdırılmış donanma isə 204 gəmidən, o cümlədən 22 kran, 18 təchizat-yedək, 25 sərnişin, 2 borudüzən, 6 yanğınsöndürən, 5 mühəndis-geoloji, 10 dalğıc, 116 xidməti və köməkçi gəmidən ibarətdir.

Avropa – Qafqaz – Asiya (TRASEKA) nəqliyyat dəhlizində bağlayıcı rolunu oynayan Azərbaycan Dəniz Gəmiçiliyi Transxəzər istiqamətində yüklərin və sərnişinlərin daşınması ilə eyni zamanda, dənizdə həyata keçirilən neft və qaz əməliyyatlarına müvafiq nəqliyyat xidmətləri göstərir. Bu fəaliyyətin tarixi çox zəngindir. Azərbaycanda gəmiçiliyin inkişafı neft sənayesinin yaranması və tərəqqisi ilə sıx bağlıdır. 

XIX əsrdə Bakıda neft hasilatının sürətli artımı Xəzərdə gəmiçiliyin inkişafına təkan verib. Təbii ki, həmin dövrdə neft və neft məhsullarının daşınması üçün yeni üzən vasitələr tələb olunurdu. Təsadüfi deyil ki, dünyada ilk neftdaşıyan “Aleksandr” barjı 1873-cü ildə Xəzərdə istismar olunub. Dünyada ilk tanker – “Zərdüşt” də (1878-ci ildə inşa edilib) Xəzərdə səfərlər edib. İlk daxiliyanma mühərrikli “Vandal” (1903-cü il), ilk reversivli iki mühərriklə çalışan “Delo” (1908-ci il) gəmilərində üzmək də Xəzər dənizçilərinin qismətinə yazılıb. Azərbaycan Dəniz Gəmiçiliyinin əsası 1858-ci il mayın 21-də “Qafqaz və Merkuri” Səhmdar Cəmiyyətinin yaradılması ilə qoyulub.

Dənizlə daşınan yüklərin həcmi artdıqca Xəzər dənizinin sahillərində limanların da sayı artır. Yeni körpülər inşa edilir, anbarlar tikilir, kranlar qurulur… Donanmanın genişlənməsi gəmi təmiri bazasının yaradılmasını da zərurətə çevirir və 1866-cı ildə “Qafqaz və Merkuri” Səhmdar Cəmiyyətinin Bakıda mexaniki zavodunun bünövrəsi qoyulur. İnkişaf etməkdə olan donanmanın kadrlara tələbatını ödəmək məqsədilə 1881-ci ildə Bakı dənizçilik sinifləri təşkil edilir.

Sonrakı illərdə gəmiçiliyin donanması ölkədə və xaricdə inşa edilmiş yeni tipli gəmilərlə zənginləşir. Xəzər dənizçilərinin ixtiyarına “çay-dəniz” tipli tankerlər, pambıq, taxta-şalban və s. daşıyan gəmilər verilir. 1962-ci ildə Xəzər Dəniz Nəqliyyatı Layihə-Axtarış Elmi-Tədqiqat İnstitutu mütəxəssislərinin layihəsi əsasında o dövr üçün Avropada ən böyük Bakı – Türkmənbaşı gəmi-bərə keçidi işə salınır. 1960-cı ildən etibarən Azərbaycan Dəniz Gəmiçiliyinə məxsus gəmilər Volqa – Balt kanalı vasitəsilə dünya sularına çıxmağa başlayır.

Xəzər Dəniz Neft Donanmasının da 60 ildən artıq bir dövrü əhatə edən tarixi şanlı səhifələrlə zəngindir. SSRİ Nazirlər Sovetinin 31 oktyabr 1949-cu il tarixli “Xəzərdə dəniz neft istehsalının inkişafı haqqında” sərəncamı ilə “Azərneft” birliyi, onun tərkibində isə SSRİ Neft Sənayesi Nazirliyinin 4 noyabr 1949-cu il tarixli əmri ilə “Üzən vasitələr” idarəsi yaradılır. Xəzər Dəniz Neft Donanmasının inkişafı məhz bu tarixdən başlanır. Həmin dövrdə “Artyomneft” və “Stalinneft” dəniz qazma trestlərinin üzmə vasitələri yeni yaradılmış idarənin tərkibinə keçirilir. Bunlar əsas etibarilə “Transportnik”, “Qəbələ”, “BMK-90” tipli kiçik həcmli katerlər, özühərəkətetməyən 20 tonluq üzən kranlar və barjlar idi. SSRİ Neft Sənayesi Nazirliyinin 22 yanvar 1953-cü il tarixli əmri ilə “Üzən vasitələr” idarəsi “Xəzərdənizneftdonanma” idarəsinə çevrilir.

Bugün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən donanmaları vahid bir orqanizmdə birləşdirərək, qarşıya qoyulan vəzifələri yüksək səviyyədə və operativ yerinə yetirmək əzmindədir.

Missiyamız

Beynəlxalq yüklərin ahəngdar və fasiləsiz axınının təmin edilməsi və Azərbaycanın regional nəqliyyat qovşağı strategiyasına töhfə verilməsi

Gələcəyə baxışımız

Xəzər dənizində aparıcı mövqenin qorunub saxlanılması və Xəzərdən kənarda əməliyyatların genişləndirilməsi

Təhlükəsizlik

Təhlükəsiz iş mühitinin yaradılması, yüksək səviyyədə xidmətlərin göstərilməsi və risklərin qarşısının alınması daim diqqət mərkəzindədir

Keyfiyyətli xidmət

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi olaraq zəngin təcrübə əsasında yüksək keyfiyyətli yükdaşıma və çoxşaxəli ixtisaslaşmış ofşor xidmətlərinin təqdim edilməsinə təminat veririk

Personal

Təcrübəli üzən heyət və peşəkar komanda əsas dəyərimizdir

Ətraf mühit

Fəaliyyətimizin bütün aspektlərində ətraf mühitə təsiri minimuma endirmək məqsədimizdir.

Davamlı inkişaf

Effektiv və səmərəli idarəetməyə malik gəmiçilik şirkəti olaraq, göstərdiyimiz xidmətlərin müştərilərimiz üçün əlavə dəyər yaratması məqsədilə fəaliyyətimizin bütün aspektlərində davamlı inkişaf yolunu tutmuşuq

TARİXİMİZ

(012) 404 39 00

AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, Heydər Əliyev pr-ti,152

Elektron bilet