ASCO-da formal olaraq təşkil edilmiş Müşahidə Şurası olmasa da, Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilmiş normativ-hüquqi aktlara əsasən ASCO-ya münasibətdə Müşahidə Şurasının funksiyaları faktiki olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilir.

Müşahidə Şurası funksiyalarının icrası ilə bağlı İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi aşağıdakı səlahiyyətlərə malikdir:

  • ASCO-nun təqdim etdiyi Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hər il üzrə hazırlanmış illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə baxmaq və rəy vermək (əsas icraçı –Maliyyə Nazirliyi);
  • Hər il üçün ASCO tərəfindən hazırlanmış gəlirlər və xərclər smetasına rəy vermək (əsas icraçı – Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Mərkəzi bank);
  • Gəlirlər və xərclər smetasının icrası ilə bağlı monitorinqlər təşkil etmək (əsas icraçı – Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Vergilər Nazirliyi);
  • Hər rüb üçün ASCO tərəfindən hazırlanmış gəlirlər və xərclər smetasına dair hesabatları əldə etmək (əsas icraçı – “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarına baxılma və həmin smetaların təsdiq edilməsi üzrə Komissiya”);
  • İlkin dəyəri 5000 (beş min) manatdan yuxarı olan əsas vəsaitlərin ASCO-nun balansından silinməsi üçün razılıq vermək (əsas icraçı – Əmlak Məsələləri Dövlət Komitəsi);
  • ASCO tərəfindən təsis edilmiş yeni idarə, filial və nümayəndəlik, habelə törəmə hüquqi şəxs haqqında məlumatları əldə etmək (əsas icraçı – Əmlak Məsələləri Dövlət Komitəsi);
  • ASCO-nun hər ay üçün hazırlanmış pul hərəkəti haqqında hesabatını əldə etmək (əsas icraçı – Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi);
  • ASCO-nun balansında olan daşınmaz əmlak haqqında məlumatları əldə etmək, qeydiyyatını aparmaq və təsdiqedici sənədləri vermək (əsas icraçı – Əmlak Məsələləri Dövlət Komitəsi).

Müşahidə Şurası funksiyalarının icrası ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mərkəzi icra hakimiyyəti orqanı kimi öz Əsasnaməsinə uyğun olaraq su nəqliyyatı sahəsində vahid dövlət siyasətini formalaşdırır, həyata keçirir və sahələrarası münasibətləri tənzimləyir.

(012) 404 39 00

AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, Heydər Əliyev pr-ti,152

Elektron bilet