ASCO-nun İdarə Heyəti iclasının 2016-cı il 30 dekabr tarixli 19 nömrəli protokoluna əsasən ASCO-nun maliyyə-təsərrüfat fəaliyyətində şəffaflığı artırmaq və səmərəliliyi yüksəltmək məqsədi ilə müvafiq məlumatların açıqlanması, zəruri məlumatların maraqlı tərəflərə çatdırılması, habelə bu proseslərə nəzarət olunması mexanizmini tənzimləyən və açıqlanmalı olan məlumatların tərkibini müəyyən edən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti üzrə məlumatların açıqlanması Qaydaları” (Qaydalar) təsdiq edilmişdir. Qaydaların əsas prinsipləri və ASCO-nun məlumat açıqlama barədə siyasəti – onun fəaliyyətində şəffaflığın, aşkarlığın təmini, biznes tərəfdaşlarının, digər qarşı tərəflərin, habelə hakimiyyət orqanlarının qarşısında etibarın artırılması, ASCO-ya dair müəyyən edilmiş məlumatlardan aidiyyəti şəxslərin xəbərdar olması, hər bir kəsə müəyyən edilmiş məlumatları əldə etmək üçün bərabər imkanların yaradılması, ASCO barədə qeyri-dəqiq məlumatların mövcudluğunun aradan qaldırılması və ASCO-nun nüfuzunun yüksəldilməsindən ibarətdir.

Qaydalara əsasən ASCO qanunvericiliyə uyğun olaraq açıqlanmalı olan, habelə özünün bildiyi məlumatları rəsmi internet səhifəsində, jurnal və qəzetlərdə, başqa kütləvi informasiya vasitələrində dərc edərək və ya digər şəkildə açıqlayaraq apardığı əməliyyatların və sövdələşmələrin şəffaflığını təmin edir.

ASCO Qaydalara uyğun olaraq ona aid aşağıdakı məlumatları açıqlayır:

  • hesabat dövrü üzrə maliyyə göstəriciləri (ASCO üzrə illik maliyyə hesabatları hər il maliyyə ili bitdikdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları” ilə müəyyən edilmiş müddətdə auditor rəyi ilə birlikdə mətbu orqanda dərc etdirilməlidir);
  • cəlb edilmiş maliyyə vəsaitləri;
  • ASCO-nun aidiyyəti şəxslərlə bağladığı mühüm (xüsusi əhəmiyyətli) əqdlər (ASCO-nun xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin bağlanılması barədə məlumat mətbu orqanda dərc etdirilməlidir);
  • ASCO-nun idarəetmə orqanları və vəzifəli şəxsləri;
  • dividendlər;
  • əhəmiyyətli payın əldə edilməsi və ya özgəninkiləşdirilməsi;
  • ASCO-nun səhmdarları barədə;
  • ASCO-nun fəaliyyəti ilə bağlı.

(012) 404 39 00

AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, Heydər Əliyev pr-ti,152

Elektron bilet