“İrqiz” təchizat-yedək gəmisi əsaslı təmir olunub

09.01.2020

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus “İrqiz” təchizat-yedək gəmisinin əsaslı təmiri yekunlaşıb. Təmir işləri “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılıb.

Gəminin baş və köməkçi sükan qurğusu, mühərrikləri, yağ və su soyuducuları, hava balonlarının armaturları, müxtəlif təyinatlı nasoslar, separatorlar və boru sistemləri təmir olunub. Eyni zamanda,  lazımi elektrik avadanlıqlarının, əsas və qəza işıqlandırma sistemlərinin zəruri yoxlama və təmir işləri həyata keçirilib. Maşın-qazan şöbəsi, köməkçi sükan qurğusu şöbəsində döşəməaltı sahələr təmizlənib-yuyulub, mexanizmlər  və içməli su çənləri təmizlənib rənglənib. Yaşayış otaqları, dəhliz, yeməkxana və kapitan körpüsndə  də zəruri təmir  işləri yerinə yetirilib.

Tərsanə təmiri müddətində gəminin lövbər zəncirlərinin, dib-yan armaturlarının, protektor qurğularının təmiri işləri aparılıb, sualtı və suüstü hissələrində zədələnmiş metal lövhələr, qoruyucu metal kəmərlər dəyişdirilib, təmizlənmə-rənglənmə işləri başa çatdıqdan sonra hər iki bortda qoruyucu-təkərlər yenilənib.

Gəmi dəniz sınağından uğurla keçib. Daha sonra Xəzər Dəniz Neft Donanmasına məxsus Liman-bazaya göndərilib və istismara qaytarılıb.

(012) 404 39 00

AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, Heydər Əliyev pr-ti,152

Elektron bilet