Əziz gənclər, bayramınız mübarək!

01.02.2019

Əziz gənclər!

2 fevral – Gənclər Günüdür.

Ölkəmizdə gənclər siyasətinin əsasını qoyan Ümummilli liderimiz Heydər Əliyevin iyirmi iki il əvvəl imzaladığı müvafiq Sərəncamla təsis etdiyi 2 fevral – Gənclər Gününü Azərbaycan gəncliyinə töhfəsi də saymaq olar.

Gəncləri həmişə cəmiyyətdə gedən proseslərin önündə görmək istəyən Ulu öndər gələcəyin qurucularının öz imkan və bacarıqlarını gerçəkləşdirə bilmələrinə xüsusi önəm verirdi.

Ulu öndərin əsasını qoyduğu gənclər siyasətinin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun  davam etdirilməsi sayəsində ölkəmizdə gənclər siyasəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Təsadüfi deyil ki, gənc nəslin hərtərəfli inkişafı və səmərəli fəaliyyəti üçün geniş imkanlar yaradan  Azərbaycanın uğurlu gənclər siyasəti hazırda bir sıra ölkələrdə model kimi qəbul olunur.

Gənclər Siyasəti üzrə I Qlobal Forumun Azərbaycanda keçirilməsi, “Gənclər sahəsində Bakı Öhdəlikləri”nin qəbul edilməsi ölkəmizin gənclər siyasəti sahəsində uğurunu əks etdirir. Son illərdə ardıcıllıqla qəbul edilmiş və uğurla həyata keçirilməkdə olan “Azərbaycan gənclərinin İnkişaf Strategiyası (2015-2025-ci illər)”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı” gənclərin fərdi inkişafı üçün geniş imkanlar yaradır.

Gənc nəslin təlim-tərbiyəsinin yüksək səviyyədə qurulmasında, yeniyetmələrin sabahın layiqli vətəndaşları kimi yetişməsində Birinci vitse-prezident, Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun da xidmətləri böyükdür.

Gənclər siyasətinin uğurla həyata keçirilməsinə Fondun vitse-prezidenti, İDEA İctimai Birliyinin sədri Leyla Əliyeva da töhfəsini əsirgəmir. Azərbaycan gənclərinin xarici ölkələrdə təşkilatlanması, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, ətraf mühitin mühafizəsində gənclərin enerji və potensialından geniş istifadə olunması işində Leyla xanımın mühüm xidmətləri var.

Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər də borclu qalmır,  onlara bəslənilən ümidləri layiqincə doğrultmağa çalışırlar. Bu gün Azərbaycan gənci layiqli vətəndaş kimi cəmiyyət həyatının bütün sahələrində fəallıq göstərir, ölkəmizin iqtisadi və hərbi qüdrətinin artması, siyasi nüfuzunun yüksəlməsi, milli-mənəvi və ümumbəşəri dəyərlərə əsaslanan vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi işinə əhəmiyyətli töhfə verir. Dövlət başçısının sözləri ilə desək: ”Gənclər cəmiyyətimizin fəal üzvləri kimi ölkəmizin güclənməsində əsas rol oynayırlar. Mən gənclərin fəaliyyətini yüksək qiymətləndirirəm. Həm beynəlxalq müstəvidə, həm ölkə daxilində mən görürəm ki, bu gün böyüyən gənclər xalqa, dövlətə bağlıdırlar. Bu, çox önəmlidir.”

Bütün ölkələr kimi, müstəqil Azərbaycan Respublikasının da gələcəyi  gənclərdən asılı olacaq. Bu baxımdan bu gün ölkəmizdə gənclik adına görülən bütün işlər – gənclərin intellektual yüksəlişinə sərmayə qoyulması, fərdi keyfiyyət və qabiliyyətlərinin inkişaf etdirilməsi, milli ruhda  tərbiyə olunması… Azərbaycanın mənafeyinə xidmət edir.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar  Cəmiyyətinin çoxminli kollektivinin  də  böyük bir hissəsini  yüksək vətəndaşlıq hisslərinə malik yeniyetmə və gənclər təşkil edir. Gəmiçiliyin rəhbərliyi də qarşıda duran çətin və şərəfli vəzifələrin həllində onların istedad və bacarığına, təşəbbüskarlığına arxalanır. Gənclərimizin  ümidləri doğrultduqlarını müşahidə etmək isə çox sevindiricidir.

Əziz gənclər! Sizi Gənclər Günü münasibəti ilə səmimi-qəlbdən təbrik edir, sizə möhkəm cansağlığı, xoşbəxtlik, təhsildə və əməkdə yeni-yeni uğurlar arzulayıram.

Bayramınız mübarək!

Rauf  Vəliyev,

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”

Qapalı Səhmdar Cəmiyyətinin sədri  

(012) 404 39 00

AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, Heydər Əliyev pr-ti,152

Elektron bilet