DDA-nın əməkdaşlarına “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” yubiley medalı təqdim olunub

30.11.2018

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilən Dövlət Dəniz Agentliyinin əməkdaşlarına medalların təqdimetmə mərasimi keçirilib.

Tədbirdə çıxış edən Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib.  Məhz, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) 160 illiyinin 2018-ci ilə təsadüf etməsini əlamətdar hadisə kimi dəyərləndirən Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov Xəzər Dəniz Gəmiçiliyinin yubileylə əlaqədar bir sıra yaddaqalan, möhtəşəm tədbirlər gerçəkləşdirdiyini deyib.

Qüdrət Qurbanov Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin dəniz nəqliyyatı işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi, dəniz nəqliyyatı işçilərinin “Əmək ordeni”, “Tərəqqi medalı”, “Gəmiçilik sahəsində xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında imzaladığı sərəncamı dənizçilərə olan diqqət və qayğı kimi dəyərləndirib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Rauf Vəliyev bildirib ki, istər Ümummilli Liderimiz Heydər Əliyevin ölkənin siyasi rəhbərliyində olduğu dövrlərdə,  istərsə də cənab İlham Əliyevin hakimiyyəti illərində gəmiçilik sahəsinin inkişafına daim qayğı göstərilib. Yükdaşımalarda, neft-qaz layihələrində  iştirak edən müasir tipli gəmilərin alınması, uğurla reallaşan gəmilərin tikintisi, xarici sularda yeni gəmilərin istismara verilməsi, dənizçilərin sosial rifahının daha da yaxşılaşdırılması, peşəkar dənizçi kadrlarının hazırlanması istiqamətində görülən işlər bunun bariz nümunəsidir.

Bundan başqa, Rauf Vəliyev xüsusi vurğulayıb ki, 160 illik yubiley ərəfəsində gəmiçilik sahəsində fəaliyyətə görə Milli Məclisin təsis etdiyi, Azərbaycan Respublikasının Prezidentin təsdiqlədiyi iki yeni – “Gəmiçilik sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalı da dənizçilərə diqqətin əyani sübutudur.

Son beş illik fəaliyyətə nəzər salan Rauf Vəliyev bu müddətdə görülən işlər nəticəsində qarşıya qoyulan hədəflərə nail olunduğunu bildirib. Sədr bundan sonrakı hədəflərə çatmaq üçün də dənizçilərin əzmkarlıqla çalışacaqlarına əminliyini ifadə edib.

Daha sonra Gəmiçiliyin 160 illik yubileyi münasibətilə ASCO-nun sədri Rauf Vəliyevin sərəncamına əsasən yubiley medalı ilə təltif olunan dənizçilərə medallar təqdim olunub.

Qeyd edək ki, tədbirdə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyi münasibətilə Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanovun əmrinə əsasən dəniz nəqliyyatı sahəsində çalışan mütəxəssislər “Donanmanın Fəxri İşçisi” adı və döş nişanı ilə təltif ediliblər.

(012) 404 39 00

AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, Heydər Əliyev pr-ti,152

Elektron bilet