Satınalma siyasəti
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin
satınalmalar üzrə siyasəti
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra “Cəmiyyət” və ya “QSC”) 2014-cü il 12 iyun tarixli 99 nömrəli əmrinə və sözügedən əmrlə təsdiq olunmuş satınalmalara dair daxili sənədlərə əsasən Cəmiyyətin Satınalmalar sahəsində əsas prinsipləri – işlərin keyfiyyətinin, nəzərdə tutulan xərclərin, malgöndərənin (podratçıların) etibarlılığının, texniki təhlükəsizliyin, ətraf mühitin qorunmasının və tətbiq olunan qanunvericiliyin nəzərə alınmasından, QSC üçün malların (işlərin və xidmətlərin) satınalınmasında səmərəli dəyərin təmin edilməsindən ibarətdir. Bütün satınalma əməliyyatlarının Cəmiyyət üçün səmərəli dəyərin əldə olunmasına yönəldilməsi vacib şərtlərdəndir. “Səmərəli dəyər” termini yalnız xərcləri deyil, həmçinin işin keyfiyyətini, zamanında yerinə yetirilməsini və digər texniki-kommersiya faktorlarını əhatə edir. Bu faktorlara aşağıdakılar aiddir:
- Malgöndərənlərin (Podratçıların) bacarığı, etibarlılığı, imici və maliyyə gücü;
- Malgöndərənlərin (Podratçıların) tamamladığı işlərin həcmi;
- Texniki innovasiyalar, xidmətlər, materiallar və avadanlıqların müvafiqliyi və keyfiyyəti;
- Cəmiyyətin Keyfiyyət, Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi üzrə qaydalarına və digər müvafiq daxili sənədlərinin tələblərinə uyğunluğu.
Cəmiyyətin satınalmalar üzrə siyasəti, satınalma əməliyyatlarının ən müasir yerli və beynəlxalq şirkətlərin təcrübəsini tətbiq etməklə, ədalətli rəqabət, şəffaflıq və aşkarlıq şəraitində təşkili və keçirilməsinə, habelə müsabiqə iştirakçılarına eyni münasibət göstərərək, müəyyənləşdirilmiş qaydalara uyğun olaraq podratçıları (malgöndərənləri) cəlb etməklə ayrılmış vəsaitlərin səmərəli və qənaətlə istifadə edilməsinə və satın alınan malların (işlərin, xidmətlərin) keyfiyyətini artırmaqla QSC-nin beynəlxalq səviyyəli təşkilata çevrilməsinə xidmət edir. Cəmiyyətin satınalmalar siyasətinin əsas məqsədləri aşağıdakılardır:
- QSC-nin satınalmalar əməliyyatlarına vahid yanaşmanın təmin olunması;
- Satınalmalara sərf olunmuş məsrəflər qarşılığında QSC üçün səmərəli dəyərin əldə edilməsi və biznesin mənfəətliliyinin maksimuma çatdırılması.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti üzrə satınalmaların təşkili və idarə olunması Qaydaları”na əsasən satınalma əməliyyatları zamanı alınması tələb olun mallar (işlər, xidmətlər) üzrə təlabatın təcililiyi və mövcud hal, şərait nəzərə alınmaqla aşağıdakı müsabiqə növlərindən istifadə olunur:
- Açıq Müsabiqə
- Seçmə Müsabiqə
- Elektron Sorğu
- Açıq Hərrac