Qlobal DİM-lərə töhfəmiz
QLOBAL DAYANIQLI İNKİŞAF MƏQSƏDLƏRİNİN İCRASI ÜZRƏ ASCO-NUN
VERDİYİ TÖHFƏLƏR
BMT-nin 25 sentyabr 2015-ci il tarixində keçirilən sammitində dünya dövlətləri tərəfindən 2030-cu ilədək 17 Dayanıqlı İnkişaf Məqsədləri (DİM-lər) qəbul edilmiş və 2016-cı ilin yanvar ayından qüvvəyə minmişdir. Azərbaycan Respublikası da təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulmuşdur və müvafiq öhdəliklər qəbul etmişdir. Xəzərdə və Xəzərdən kənar regionlarda fəaliyyət göstərən ölkənin iri gəmiçilik şirkəti olaraq, birbaşa və ya dolayısı ilə ASCO öz fəaliyyəti və dəyər zənciri vasitəsilə bütün DİM-ləri əhatə edir və dövlətimizin qarşısına qoyduğu hədəflərə çatmaqda öz məsuliyyətini dərk edir. Bununla əlaqədar, Gəmiçilikdə fəaliyyət və dayanıqlı inkişaf siyasəti DİM-lərin icrasına töhvə verilməsi istiqamətində qurulmuşdur.
Qlobal Dayanıqlı İnkişaf Məqsədləri:
MƏQSƏD 1 və 2:
Əməkdaşlarımıza ölkədə minimal əmək haqqından yüksək, məişət və zəruri xərcləri əhatə edən əmək haqqı ödənilir. Bundan əlavə, biz Gəmiçiliyin maddi yardımın verilməsi haqqında Əsasnaməsinə uyğun olaraq, ehtiyacı olan əməkdaşlarımıza və digər vətəndaşlarımıza maddi yardımlar göstəririk.
MƏQSƏD 3:
Biz davamlı olaraq əməkdaşlarımız üçün sağlam və təhlükəsiz iş şəraiti təmin edirik. ASCO-nun bütün sahil və üzən heyəti mütəmadi tibbi baxışlardan keçirilir. Eyni zamanda əməkdaşlarımıza və onların ailə üzvlərinə tibbi sığorta tətbiq edilir.
MƏQSƏD 4:
ASCO-nun əməkdaşları davamlı olaraq texniki, peşə və fərdi inkişaf təlimləri ilə təmin olunurlar. Bundan əlavə, ASCO-nun nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Dəniz Akademiyası ölkədə yüksəkixtisaslı yerli dənizçi kadrların yetişdirilməsini təmin edir.
MƏQSƏD 5 və 10:
Gəmiçilikdə həm qadın, həm də kişi əməkdaşlar çalışır. Cinsindən, irqindən, dinindən və yaxud hər hansı xüsusi qrupa mənsubluğundan asılı olmayaraq, hər bir əməkdaşa peşəkarlıq səviyyəsinin artırılması və karyera inkişafına nail olunması üçün bərabər imkanlar yaradılmışdır. Əməkdaşlara diskriminasiya qoyulmadan yalnız tutduğu vəzifə, dərəcə və göstərdiyi əmək fəaliyyəti nəticələrinə uyğun əmək-haqqı ödənilir. Eyni zamanda, insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının və Azərbaycan Respublikasının qanunvericiliyinin müvafiq tələbləri təmin edilir.
MƏQSƏD 6:
İçməli su ehtiyatlarının qorunması qlobal məsələdir, o cümlədən Azərbaycanda da içməli su ehtiyatları məhduddur. Bu səbəbdən biz içməli su ehtiyatlarından qənaətlə istifadə edirik, sahil obyektlərində və gəmilərimizdə davamlı olaraq içməli suyun sərfiyyatını və onun keyfiyyətini nəzarət altında saxlayırıq. Eyni zamanda, fəaliyyətimizdən su hövzələrinə dəyə biləcək hər hansı mənfi təsirin qarşısının alınmasını ciddi diqqət mərkəzində saxlayırıq.
MƏQSƏD 7 və 9:
Gəmiçilikdə mövcud Elmi-Texniki Şura, İnnovasiyalar üzrə mütəxəssis, eyni zamanda Azərbaycan Dövlət Dəniz Akademiyasında təsis edilən İnnovasiyalar Laboratoriyası tərəfindən gəmiçilik sahəsində müxtəlif yeniliklər və innovasiyalar, o cümlədən təmiz və bərpa olunan enerji mənbələrindən istifadə imkanları mütəmadi araşdırılır və bu sahədə beynəlxalq təcrübə öyrənilir. Yeni gəmilərin tikintisi zamanı daha müasir avadanlıqlarla təchiz edilmiş, optimal idarəetməyə malik, enerji səmərəliliyini təmin edən gəmi layihələrinə üstünlük verilir.
MƏQSƏD 8:
Biz personalın iş şəraitini və iş yerlərinin vəziyyətini, təhlükəsizliyini davamlı olaraq qiymətləndiririk və bu sahədə ISO 45001 standartının tələbləri tətbiq olunur. ASCO yarandığı gündən hər il fəaliyyətini mənfəətlə başa vurur və Gəmiçiliyin iqtisadi vəziyyətinin dayanıqlı artımı istiqamətində davamlı işlər həyata keçirir.
MƏQSƏD 11:
Bu DİM-ə ASCO-nun birbaşa təsir imkanı olmasa da, Gəmiçilik öz əməliyyat coğrafiyası çərçivəsində fəaliyyəti, iş yerləri və yaratdığı dəyər ilə sözügedən DİM-ə dolayı töhvə verir.
MƏQSƏD 12:
Xidmətlərimizin təqdim edilməsi zamanı istər istehsal, istərsə də istehlak mərhələlərində maddi, təbii, insan, maliyyə və digər resurslardan qənaətlə və məsuliyyətlə istifadəyə əhəmiyyət veririk. Bu istiqamətdə istehlak və istehsalın keyfiyyətinə mənfi təsir etməyəcək optimal səviyyənin təmin olunmasına nəzarət edirik.
MƏQSƏD 13:
ASCO emissiyaların həcmini minimal səviyyədə saxlamağı, onu daha da azaltmağı və gələcəkdə də bu istiqamətdə nailiyyətlər əldə etməyi qarşısına məqsəd qoyub.
MƏQSƏD 14 və 15:
Gəmiçilikdə dəniz səthinin neft dağılmalarından mühafizəsi, gəmilərdə yaranan maye və bərk tullantıların idarə edilməsi, ballast sularından istifadə, quruda istehsalat işlərinin təşkili üzrə müvafiq beynəlxalq standart və sertifikatların tələblərinə uyğun idarəetmə sistemi qurulmuşdur. Bununla da, fəaliyyətimiz nəticəsində dəniz və torpaq ekosistemlərinə dəyə biləcək hər hansı mənfi texniki və antropogen təsirin qarşısının alınmasına çalışırıq.
MƏQSƏD 16:
Gəmiçilikdə əməkdaşlarla münasibətlərdə, qərarların qəbul edilməsində ədalət prinsipi rəhbər tutulur. Beynəlxalq dayanıqlılıq və biznes etikası prinsiplərinə zidd olan, o cümlədən uşaq və ya məcburi əməkdən istifadə edən, korrupsiya, insan haqlarının pozulması və digər bu kimi mənfi hallara yol verən bütün növ tərəflərlə əməkdaşlıqların qurulmasından imtina edilir.
MƏQSƏD 17:
Biz inanırıq ki, bütün Dayanıqlı İnkişaf Məqsədlərinə müxtəlif şirkətlər, təşkilatlar və hökümətlər arasında birgə təcrübə və bilik mübadiləsi nəticəsində nail oluna bilər. Bu baxımdan, ASCO fəaliyyət dairəsi çərçivəsində istər yerli, istərsə də xarici tərəfdaşlarla və maraqlı tərəflərlə müxtəlif formada əməkdaşlıqlarda iştirak edir. Eyni zamanda, konfrans, seminar, dəyirmi masa və s. bu kimi tədbirlərə qoşulmaqla, təcrübə mübadilələrində iştirak edir.