Xəbərlər Xəbərlər "Dəniz" qəzeti E-nəşrlər Foto qalereya Video qalereya ASCO-da “STABEDİT PROFESSİONAL 2.1” proqram təminatından istifadəyə dair treninq keçirilib 23.12.2021 11:15 “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) böhran vəziyyətlərdə gəmilərə (xüsusilə tankerlərə) çevik reaksiya göstərən sahil xidmətinə məsul olan rəhbər işçilər və mütəxəssislər üçün “STABEDİT PROFESSİONAL 2.1” proqram təminatından kompleks istifadə üzrə treninq keçirilib. Sankt-Peterburq Dəniz Donanmasının Elmi-Tədqiqat İnstitutunun (“SNİİMF” AO) MARPOL73/78 Beynəlxalq Konvensiyasının tələblərinə uyğun keçirdiyi onlayn treninqdə gəmilərin davamlılığının və gəmilərin qəza dəyanətliyinin hesablanması, gəmi layihələrinin yaradılması, gəmi bölmələri və konstruksiya model hesablamalarının yoxlanılması, gəmilərin yükləmə variantları, dəniz nəqliyyatı vasitələrinə davamlı texniki xidmətin göstərilməsi və sair məsələlərdən ətraflı bəhs edilib, konkret nümunələr əsasında – “saya oturan, gövdəsi deşilən, anbarlarına su dolan, göyərtəsində yanğın baş verən”... gəmilərdə “qəza və qəza hadisələrinin” aradan qaldırılması üçün təklif və tövsiyyələr verilib. İki gün davam edən təlimləri müvəffəqiyyətlə bitirən ASCO-nun Dəniz üzgüçülüyünün təhlükəsizliyi departamentinin və digər bölmələrin işçilərindən ibarət 11 dinləyiciyə müvafiq şəhadətnamələr verilib Qeyd edək ki, ASCO ilə Sankt-Peterburq Dəniz Donanmasının Elmi-Tədqiqat İnstitutu (“SNİİMF” AO) arasında əməkdaşlığa 2008-ci ildə başlanılıb. O vaxtdan, ASCO-da böhran vəziyyətlərdə gəmilərə (ələlxüsus tankerlərə) çevik reaksiya göstərən sahil xidmətində, məhz bu qabaqcıl elmi-tədqiqat müəssisəsinin hazırladığı və MARPOL73/78 Beynəlxalq Konvensiyasının tələblərinə tam cavab verən “STABEDİT PROFESSİONAL 2.1” proqram təminatından istifadə olunur.