Xəbərlər Xəbərlər "Dəniz" qəzeti E-nəşrlər Foto qalereya Video qalereya Xəzərin Azərbaycan sektorunda naviqasiyanın təhlükəsizliyinin təmin edilməsi müzakirə olunub 25.11.2021 10:00 “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO), SOCAR, Dövlət Dəniz və Liman Agentliyi, Hərbi Dəniz Qüvvələrinin Hidroqrafiya İdarəsi və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin nümayəndələrinin iştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorunda naviqasiyanın təhlükəsizliyinin təmin edilməsinə dair görüş keçirilib. ASCO-nun təşəbbüsü ilə baş tutan görüşdə Xəzər dənizinin Azərbaycan sektorunda ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə istismarı başa çatmış dəniz özülləri, estekadalar və digər metal konstruksiyaların dəniz dibindən kəsilərək çıxarılması, bununla əlaqədar dəniz xəritələrinin yenidən nəşri, Hidroqrafiya İdarəsi tərəfindən Azərbaycan bayrağı altında üzən gəmilər üçün Xəzərin elektron xəritəsinin yenilənməsi, Azərbaycan Respublikası ərazisində qeydiyyatdan keçmiş limanların dəniz akvatoriyası və gəmilərin yanalma körpülərinin yeni nəşr xəritələrində göstərilməsi kimi məsələlər müzakirə olunub. Müzakirələrin nəticəsində qərara gəlinib ki, SOCAR Xəzər dənizinin Azərbaycan sektorunda gördüyü işlər (özüllərin tikintisi, təmiri itismarı başa çatmış özüllərin sökülməsi, sualtı boru xətlərinin çəkilməsi-sökülməsi və s) barədə HDQ Hidroqrafiya İdarəsinə, eləcə də Dövlət Dəniz və Liman Agentliyinə məlumat verəcək. HDQ-nin Hidroqrafiya İdarəsi ilk növbədə Səngəçalda (N.Nərimanov NQÇİ) SOCAR tərəfindən görülmüş işlərə müvafiq olaraq dəniz xəritələrinin yenilənməsini, Xəzər dənizinin elektron xəritələrinin müvafiq standart və tələblərə uyğunlaşdırılmasını, Azərbaycan Respublikası ərazisində qeydiyyatdan keçmiş limanların dəniz akvatoriyası və gəmilərin yanalma körpülərinin yeni nəşr xəritələrində göstərilməsini, naviqasiya ədəbiyyatlarının korrektəsini təmin edəcək. Bundan başqa, gəmi heyəti dənizdə xəritələrdə göstərilməyən uyğunsuzluq aşkar etdikdə (hər hansı üzən obyekt, dərinliklərin dəyişdirilməsi və s.) ASCO-ya məlumat verməli, öz növbəsində ASCO həmin məlumatların Hidroqrafiya İdarəsinə ötürülməsini təmin etməlidir. Görüşdə sözügedən işlərin icrasına nəzarət məqsədilə aidiyyatı qurumların əməkdaşlarından ibarət komissiyanın yaradılması və komissiya üzvlərinin ayda bir dəfə toplanması barədə razılığa da gəlinib.