× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Azərbaycan və Qazaxıstan təhsil müəssisələri arasında müqavilə imzalanıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) ilə Qazaxıstanın Yessenov Universiteti arasında “İkili diplom tədrisi” haqqında müqavilə imzalanıb.

Müqaviləyə əsasən, hər iki təhsil müəssisəsinin bakalavriat və magistratura pillələrində oxuyan tələbələr uyğun ixtisaslar üzrə təhsil almaq imkanı qazanırlar. Bu proqramdan  bakalavriat və magistratura səviyyəsinin 1-ci tədris ilini uğurla bitirmiş tələbələr istifadə edə biləcəklər.

Tədrisin rus dilində aparılması nəzərdə tutulur. Razılaşmaya görə, tələbələr ali təhsil müəssisələrindən birində oxumaqla digərində də distant tədris texnologiyaları vasitəsilə dərs proqramını mənimsəməlidirlər. Dərs prosesi həm Yessenov Universitetinin, həm də ADDA-nın Bolonya bəyannaməsi ilə razılaşdırılmış tədris proqramına uyğun daxili sənədlərinə əsasən aparılacaq.

Yekun dövlət attestasiyası da (diplom müdafiəsi) Azərbaycan və Qazaxıstanın normativ sənədlərinə əsasən hər iki ali təhsil müəssisəsində aparılacaq. Tədris proqramını tam mənimsəyən və yekun dövlət attestasiya imtahanından (diplom müdafiəsi) uğurla keçən tələbəyə (magistranta) hər iki dövlətin müvafiq qurumu tərəfindən təsdiqlənmiş nümunəyə əsasən diplom veriləcək.

Yeni tədris ilində 13 qazax tələbənin ADDA-da təhsilini davam etdirməsi nəzərdə tutulub. Onlardan doqquzu gəmi sürücüsü, dördü isə gəmi mexaniki olmaq arzusundadır.