Xəbərlər Xəbərlər "Dəniz" qəzeti E-nəşrlər Foto qalereya Video qalereya “Suraxanı” gəmi-muzeyi ziyarətçi sayına görə növbəti dəfə ilklər sırasında qərarlaşıb 20.08.2021 12:54 2021-ci il martın 1-də Azərbaycanın çoxəsrlik gəmiçilik tarixində və mədəni həyatında önəmli hadisə baş verdi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə dünyada ilk tanker-muzeyin – “Suraxanı”nın açılışı oldu. Ziyarətçilər üçün qapılarını açdığı 10 maydan tanker-muzeyə maraq yüksək olub. İndiyədək muzey ümumilikdə 15634 yerli və xarici qonaq qəbul edib və bu göstərici ilə ölkənin ən çox ziyarət edilən muzeyləri sırasında qərarlaşıb. “Suraxanı” ölkəmizin ilk elmi-texniki muzeyidir və onun onilliklər ərzində neft və neft məhsulları daşımış gəmidə təşkili xüsusi əhəmiyyət daşıyır. Muzey hazırda dünyada aktual olan texniki obyektlərin təkrar istifadəsinin, yəni revitalizasiya prosesinin bariz nümunəsidir. Revitalizasiya (latınca re-qayıdış, vita-həyat, yenidən həyata qayıdış) prosesi istismar müddəti bitmiş texniki obyektlərin (zavod, fabrik, sənaye kvartalı və s.) autentik xüsusiyyətləri saxlanılmaqla yeni formatda, əsasən incəsənət məkanı kimi istifadə edilməsini nəzərdə tutur. Bununla da, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (ASCO) ətraf mühitin qorunmasına öz töhfəsini verib. “Suraxanı” ASCO-nun ən qədim tarixə malik gəmilərindən biridir. Buna görə də, onun muzey qismində istifadə olunması təsadüfü deyil. Birgöyərtəli, üçadacıqlı, dayazoturumlu “Suraxanı” tankeri “Mühəndis A. Pustoşkin” («Инженер А. Пустошкин») tanker növünə aid olaraq 1958-ci ildə inşa edilib. Gəminin uzunluğu 123,5, eni 16 m, su basımı 6520 tondur. 32 nəfər heyəti olan tanker 11 düyün sürətilə 3523 dəniz mili məsafəsinə üzmək qabiliyyətinə malik idi. Xatırladaq ki, 2017-ci ildə “Suraxanı” tankerinin muzeyə çevrilməsinə dair qərar qəbul edilib. Böyük Britaniya, Niderland, Türkiyə kimi zəngin dənizçilik ənənələri olan ölkələrin təcrübəsi istifadə edilməklə, 100-dən artıq yerli və xarici şirkətin, 2000-dən artıq mütəxəssisini iştirakı ilə müvafiq layihələndirmə, əsaslı təmir-bərpa, nəhayət muzeyləşdirmə işləri aparılıb. Nəticədə 11 ekspozisiya zalı, suvenir mağazası, 68 nəfərlik restoran və terasa malik unikal tanker-muzey yaradılıb.