× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Prezidentin Sərəncamı ilə təltif olunan dənizçilərə mükafatlar təqdim olunub

Prezident İlham Əliyevin 23 iyun 2018-ci il tarixində imzaladığı Sərəncamla dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə təltif etdiyi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin bir qrup əməkdaşına mükafatların təqdim olunması mərasimi keçirilib.

Tədbirdə çıxış edən “AXDG”QSC-nin sədri Rauf Vəliyev bildirib ki, dəniz nəqliyyatı sahəsində çalışanların fədakar əməyi hələ Ümummilli Liderimiz Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə yetərincə qiymətləndirilib. Ulu Öndərin siyasətini layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev də dənizçilərə daim diqqət və qayğı göstərir, müstəqil Azərbaycanımızın iqtisadi qüdrətinin artırılması naminə gördükləri  işləri yüksək dəyərləndirir. Elə bu yaxınlarda ölkə başçısının Gəmiçiliyin bir veteran əməkdaşının “Prezidentin fərdi təqaüdü”, dörd əməkdaşının “3-cü dərəcəli əmək ordeni”, 12 əməkdaşının “Tərəqqi” medalı, bir əməkdaşının isə “Əməkdar mühəndis” fəxri adına layiq görülməsi barədə imzaladığı sərəncamları buna sübutdur.

Rauf Vəliyev qeyd edib ki, bu il Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi üçün əlamətdardır: “Gəmiçilik olaraq 160 illik yubileyimizi qeyd edəcəyik. Qürurlu tarixdir və sevindirici haldır ki, Cənab Prezident də yubiley ilimizin daha yaddaqalan olması üçün biz dənizçilərə diqqət və qayğısını əsirgəmir. Bildiyiniz kimi, bu il  Gəmiçiliklə bağlı iki medal (“Gəmiçilik sahəsində xidmətlərə görə” və  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” medalları) təsis edilib. Bu medallar Prezident tərəfindən bütün dəniz nəqliyyatı işçilərinin əməyinə verilən yüksək qiymətdir”.

Həm medallara, həm də 23 iyunda imzalanan sərəncamlara görə çoxminli dənizçi kollektivi adından bir daha möhtərəm Prezidentimizə minnətdarlığını bildirən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev  dənizçilərin bu, yüksək etimadı doğruldacaqlarına əminliyini ifadə edib. 

Sonra yüksək mükafatlar sahiblərinə təqdim olunub. Təltif olunan dənizçilər cənab Prezident İlham Əliyevə öz təşəkkürlərini bildirərək, göstərilən diqqət və qayğı nəticəsində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin daha böyük nailiyyətlər qazanacağını vurğulayıblar.

Qeyd edək ki, mərasimdə  “AXDG” QSC sədrinin əmrinə əsasən səmərəli əmək fəaliyyətinə görə və “Dənizçi günü” peşə bayramı münasibəti ilə təltif olunan 21 nəfərə də Gəmiçiliyin Fəxri Fərmanı verilib.