Xəbərlər Xəbərlər "Dəniz" qəzeti E-nəşrlər Foto qalereya Video qalereya Dənizçilər Vətən Müharibəsində əldə olunan qələbəni böyük iftixar, sonsuz qürur hissi ilə qarşılayır 10.11.2020 12:43 Əziz həmkarlar! Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu gecə xalqa müraciət edərək şanlı qələbəmizin – Ermənistanın təslim olmasının müjdəsini çatdırdı. Beləliklə, haqq savaşımız gözlədiyimiz nəticəni verdi, 30 il davam edən işğala son qoyuldu. Sizin hər birinizi Vətən Müharibəsində əldə olunan bu böyük qələbə münasibətilə təbrik edirəm. Hər bir azərbaycanlıya böyük qürur və fərəh hissi bəxş edən bu qələbənin mənəvi əhəmiyyəti bizim üçün daim böyük olacaq. Bu sevinci bizə bəxş edən, savaşın önündə gedən Müzəffər Ali Baş Komandanın, Rəşadətli Ordumuzun hər bir üzvünün qəhrəmanlığı və fədakarlığı isə sonsuzadək minnətdarlıqla xatırlanacaq. Onlar Vətən üçün haqqı ödənilməyəcək zəhmət çəkdilər. Onlar Vətənin, gələcək nəsillərin həyatını qurtardılar, ölçüyəgəlməz möhtəşəm işlərə nail oldular. Bununla belə, haqq savaşının başladığı 27 sentyabrdan son anadək xalqımızın göstərdiyi birlik və poladdan möhkəm əzm də danılmazdır. Prezident İlham Əliyevin dediyi kimi, bununla hər kəs bizim gücümüzü gördü, hər kəs bizim dəmir yumruğumuz nədir, anladı. Həqiqətən də, bu, Azərbaycan xalqının mərdliyinin, cəsarətinin, şücaətinin təntənəsidir. Bu, əsl vətənpərvərliyin təcəssümüdür. Bütün xalqımız kimi dənizçilər də bu qalibiyyəti böyük iftixar, sonsuz qürur hissi ilə qarşılayır. Sevindiricidir ki, Vətən Müharibəsində həm ön cəbhədə – Ordu sıralarında, həm də arxa cəbhədə biz dənizçilərin də payı var. Qeyd etmək yerinə düşər ki, Ermənistanın təxribatlarına qarşı həyata keçirilən uğurlu əməliyyatlara, haqq savaşına könüllü şəkildə 50-dən çox həmkarımız qatılmışdır. Sözsüz ki, haqq savaşımızda göstərilmiş qəhrəmanlıq nümunələri Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. Döyüşlərdə Vətənə, torpağımıza, müstəqil Azərbaycana, millətimizin bu gününə və gələcəyinə sədaqət göstərmiş hər bir vətəndaşımıza, o cümlədən dənizçilərə dərin minnətdarlığımı bildirirəm. Şəhidlik zirvəsinə yüksələn, canından keçən qəhrəmanlarımızın ruhu qarşısında baş əyirəm. Əziz dənizçilər! Azərbaycanın bugünki qələbəsi xalqımızın gələcək tarixində daim qələbə, qəhrəmanlıq, rəşadət bayramı kimi qeyd olunacaq. Qələbə əbədi bizimlə olsun! Eşq olsun Müzəffər Ali Baş Komandana! Eşq olsun Şanlı Milli Ordumuza! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır! Rauf Vəliyev, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri