× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Rəşadətli Ordumuz tezliklə ay-ulduzlu üçrəngli bayrağımızı Azərbaycanın bütün torpaqlarında dalğalandırmaqla tarixi ədaləti tam bərpa edəcək

Əziz həmkarlar!

Qarşıdan bütün xalqımız üçün bir-birindən əlamətdar bayramlar gəlir. Sizi 9 noyabr – Dövlət Bayrağı Günü və 12 noyabr – Konstitusiya Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, sizə uzun ömür, möhkəm cansağlığı, səadət və müstəqil Azərbaycanımızın tərəqqisi naminə çətin və şərəfli işinizdə yeni-yeni uğurlar arzulayıram.

Bir-birindən dəyərli bayramları bu dəfə həm də Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə yeni tarix yazan rəşadətli Ordumuzun cəbhədə faşist Ermənistanın təxribatlarına cavab olaraq həyata keçirdiyi uğurlu əməliyyatların, torpaqlarımızın bir-birinin ardınca düşmən işğalından azad edilməsinin bizdə yaratdığı böyük iftixar, sonsuz  qürur hissi ilə qarşılayırıq.

Dövlətimizin başçısı bir ay ərzində itirilmiş torpaqların mühüm hissəsində üçrəngli bayrağımızla bərabər,  xalqımızın milli ruhunu da yüksəltdi. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dediyi kimi: “Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır. Bizim birgə qələbələrimizin tarixini!”

Bütün xalqımız kimi dənizçilər də böyük sərkərdə cəsarəti və məharəti göstərən möhtərəm Prezident, müzəffər Ali Baş Komandanımızla fəxr edir.  Apardığı müdrik siyasəti ürəkdən bəyənən və qətiyyətlə müdafiə edən çoxminli kollektivimiz də həmişəki kimi ona dayaqdır. Ali Baş Komandanımız ASCO-da çalışan və ölkəmizin iqtisadi gücünün daha da artması üçün var qüvvəsini əsirgəməyən hər bir dənizçini həm də Silahlı Qüvvələrimizin əsgəri saya bilər, çünki ehtiyac duyulacağı istənilən vaxtda döyüşə getməyə hazırdırlar.

Bizə soykökümüzü xatırladan, dini inancımızı və müasirliyi təcəssüm etdirən, müstəqil Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirən üçrəngli bayrağımızın dövlət atributu kimi bərpası Ulu öndərimizin adı ilə bağlıdır. Üçrəngli bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada muxtar respublikanın dövlət bayrağı kimi qəbul olunub. 1991-ci il oktyabrın 18-də müvafiq Konstitusiya aktı ilə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərkən, onun dövlət rəmzlərini, o cümlədən üçrəngli dövlət bayrağını da qəbul edib.

Bütün sahələrdə Ulu öndərin siyasətini layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin milli ideallara bağlılığı özünü üçrəngli bayrağımıza münasibətdə də qabarıq göstərir. Müvafiq fərman və sərəncamları ilə 9 noyabr – Dövlət Bayrağı Gününün təsis edilməsi də, Bakının ən münasib ərazisində Dövlət Bayrağı Muzeyinin yaradılması da milli atributlarımızı daim uca tutan ölkə başçımızın bayrağımıza sonsuz sevgisinin təcəssümüdür.

Bu gün milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi əks etdirən üçrəngli bayrağımızın dünyanın 180-dən artıq müstəqil dövlətinin bayraqları ilə bir sırada dalğalanmasından sonsuz iftixar hissi keçirdiyimiz kimi, hər bir müddəası xalqın iradəsini ifadə edən Əsas Qanunumuzla da haqlı olaraq fəxr edirik. Müstəqillik tariximizin ən mühüm hadisələrindən olan Konstitusiyamız Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi üçün hüquqi baza yaradan və onun inkişafına güclü təkan verən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan edən bu sənəd həm də xalqımızın dünya birliyində layiqli yer tutmaq istəyini, sülhə, tərəqqiyə, bəşəriyyətin inkişafına öz töhfəsini bəxş etmək əzmini ifadə edir.

Hər gün eşitdiyimiz qələbə sevincli xəbərlərlə təkcə qəlbimizdəki Vətən həsrətindən qaysaq bağlamış yaralarımız sağalmır. İnanırıq ki, yüksək döyüş qabiliyyətinə malik olan rəşadətli Ordumuz tezliklə işğal altında olan Ağdamda, Şuşada, Laçında, Kəlbəcərdə, Xocalıda və Xankəndidə də ay-ulduzlu üçrəngli bayrağımızı dalğalandırmaqla tarixi ədaləti tam bərpa edəcək. Çünki Qarabağ Azərbaycandır!

Əziz dənizçilər!

Hər xalqa müstəqil dövlət qurmaq və müstəqilliyini təcəssüm etdirən bayrağını göylərdə dalğalandırmaq səadəti nəsib olmur. Azərbaycan xalqı da belə səadətin sevincini yaşayan xalqlardandır.

ASCO-nun müxtəlif təyinatlı gəmilərinin dor ağacında da müstəqilliyimizin, suverenliyimizin, istiqlaliyyətimizin rəmzi olan bayrağımız dalğalanır. Bu, harada üzməsindən asılı olmayaraq, gəmilərimizin müstəqil Azərbaycanımızın bir parçası olduğuna işarədir. Əminəm ki, bundan sonra da müqəddəs üçrəngli bayrağımızı yaxın-uzaq ölkələrin sularında böyük iftixarla dalğalandıracaq, yük daşınmasında, Xəzərdə neft və qaz istehsalında yüksək dəniz nəqliyyatı xidmətləri göstərilməsində çiyninizə düşən vəzifələri layiqincə yerinə yetirəcəksiniz.

Bayramlarınız mübarək olsun!

          Rauf Vəliyev,
          “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”
          Qapalı Səhmdar Cəmiyyətinin sədri