× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Rusiya Dəniz Gəmiçiliyi Registrinin nümayəndələri AXDG-də olub

Aprelin 18-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də tanınmış təsnifat cəmiyyətlərindən olan  Rusiya Dəniz Gəmiçiliyi Registrinin baş direktoru Konstantin Palnikovla görüş keçirilib. Görüşdə “AXDG” QSC və RDGR arasında qarşılıqlı əməkdaşlığın hazırkı vəziyyəti müzakirə olunub.

“AXDG” QSC-nin sədri Rauf Vəliyev son 4 ildə rəhbərlik etdiyi qurumda görülən işlər barədə qonaqlara məlumat verib.  Bildirib ki,   strateji hədəflərə çatmaq üçün donanmadakı gəmilərin texniki vəziyyətinin yaxşı olması  əsas şərtlərdən biridir.  Bu gün donanmamızın həm  yeniləndiyini, həm də istismarda olan gəmilərin vaxtlı-vaxtında saz vəziyyətə gətirildiyini deyən  Rauf Vəliyev  vaxtı ikən istismardan çıxarılan, daha sonra isə Gəmiçiliyin öz imkanları hesabına  modernləşdirilərək istismara qaytarılan “Dağıstan” gəmi-bərəsi barədə də qonaqları məlumatlandırıb.   

Görüş zamanı bildirilib ki, “AXDG” QSC  2013-cü ildən bəri maliyyə və korporativ idarəetmə sahəsində  dünyanın nüfuzlu şirkətlərinin auditindən  müsbət rəylər almaqdadır. 

Rusiya Dəniz Gəmiçiliyi Registrininn baş direktoru Konstantin  Palnikov deyib ki, Azərbaycanın 160 illik tarixə malik Gəmiçilik şirkətində müasir idarəetmə sisteminin tətbiqində əldə olunan uğurlar təqdirə layiqdir. Onun sözlərinə görə, təmsil etdiyi təsnifat cəmiyyəti “AXDG” QSC ilə uğurlu  əməkdaşlıqdan məmnundur.

RDGR haqqında məlumat verən qonaq qeyd edib ki, təsnifat cəmiyyətinin  Rusiyada və dünyanın əksər bölgələrində, o cümlədən Azərbaycanda nümayəndəliyi  fəaliyyət göstərir. Bu da dənizçilik sahəsində çoxşaxəli xidmətlərin operativ və etibarlı formada göstərilməsinə imkan verir.

Görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Qeyd edək ki, Rusiya Dəniz Gəmiçiliyi Registri 1913-cü ildən fəaliyyət göstərir və 1969-cu ildən Təsnifat Cəmiyyətləri Beynəlxalq Assosiasiyasının üzvüdür