× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin ildönümü silsilə tədbirlərlə qeyd olundu

Bütün  insanlar kimi, əmək kollektivlərinin də yaddaşında əlamətdar hadisələr, iftixar doğuran tarixlər, fəaliyyətində əhəmiyyətli dönüşün bünövrəsini qoyan mühüm günlər olur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında 22 oktyabr 2013-cü il tarixli Sərəncamı da  taleyini dəniz nəqliyyatı ilə bağlayanların yaddaşına əbədi həkk olunan əlamətdar hadisələrdəndir. Məhz bu Sərəncamla ölkəmizin şanlı ənənələri olan iki nəhəng donanması müstəqil Azərbaycanımızın rəqabət qabiliyyətinin və tranzit potensialının daha da gücləndirilməsi məqsədilə bir təşkilatda birləşdirildi.

Cəmiyyətin işçiləri “AXDG” QSC-nin ildönümünü keçən müddətdə görülmüş işlərdən doğan qürur hissi, qarşıda duran vəzifələri uğurla yerinə yetirmək əzmi və silsilə tədbirlərlə qeyd etdilər.

Tədbirlər Cəmiyyətin inzibati binasının foyesində yenidən qurulmuş “Heydər Əliyev” guşəsinin və Ulu öndərin büstünün açılışı ilə başlandı. Mərasimdə struktur təşkilatlarının rəhbərləri, idarə və departament rəisləri, dənizçilər, veteranlar iştirak edirdilər.

“AXDG” QSC-nin sədri Rauf Vəliyev bütün ömrü boyu Vətənini və xalqını düşünən, titanik fəaliyyəti ilə hələ sağlığında canlı əfsanəyə çevrilən Ulu öndərin misilsiz xidmətlərindən, ölkəmizin iqtisadi tərəqqisi, beynəlxalq nüfuzunun artırılması istiqamətində gördüyü nəhəng işlərdən söz açdı. Bildirdi ki, çox çətin və taleyüklü məqamda xalqın təkidi ilə hakimiyyətə qayıdan Ümummilli lider Azərbaycanı böyük fəlakətlərdən xilas etdi və qısa bir zamanda ölkəmizi qlobal layihələrin mərkəzinə çevirdi. “Əsrin müqaviləsi”nin imzalanması ilə reallaşan neft strategiyası Xəzər hövzəsində irimiqyaslı layihələrin uğurla həyata keçirilməsi üçün geniş imkanlar açmaqla yanaşı, digər sahələrin, o cümlədən dəniz nəqliyyatının da inkişafına təkan verdi.

Sonra Rauf Vəliyev Ulu öndərin büstünün üzərindəki ağ örtüyü götürdü və önünə tər güllər qoyaraq xatirəsini ehtiramla yad etdi.

Büstün yerləşdiyi foyedə zövqlə tərtib edilən stendlərdə Ümummilli liderimizin təşəbbüsü ilə həyata vəsiqə alan nəhəng layihələrin gerçəkləşdiyi anları, bünövrəsini qoyduğu, açılışında iştirak etdiyi müəssisələri göz önündə canlandıran fotoşəkillər yer alıb. Respublikamızda böyük infrastruktur layihələrə, tikinti-abadlıq işlərinə, sosial-iqtisadi sahələrin inkişafına, nəqliyyat sektoruna diqqət və qayğısını əks etdirən materiallar  hər kəsdə Ulu öndərin möhtəşəm fəaliyyəti barədə dolğun təsəvvür yaradır.

Sonra akt zalında“AXDG” QSC-nin yaranmasının ildönümünə həsr olunmuş toplantı  keçirildi.

Nitqinə Cəmiyyətin çoxminli kollektivini əlamətdar hadisə münasibətilə təbriklə başlayan Rauf Vəliyev donanmanı xalqımızın çox böyük sərvəti hesab edən Ümummilli liderin ölkəmizə rəhbərlik etdiyi dönəmlərdə gəmiçiliyin qorunub saxlanılması, əhəmiyyətli yüksəlişi üçün gördüyü mühüm işlərdən və hazırda möhtərəm Prezidentimiz İlham Əliyevin bu sahəyə daimi diqqət və qayğısından danışdı. Natiq hesabat məruzəsində ötən bir ildə görülən işlər, beynəlxalq standartlara uyğun daşıma xidmətləri təklif edən müasir gəmiçilik şirkəti yaradılması istiqamətində həyata keçirilən tədbirlər və əldə olunan nailiyyətlərdən söz açdı. Bildirdi ki, Xəzərdə öncül mövqeyin qorunub saxlanılması, gəmilərimizin dünya sularına qayıdışının təmin edilməsi, donanmanın istismarının səmərəliliyinin artırılması, yeni gəmilərlə zənginləşdirilməsi və sertifikatlaşdırılması, etibarlı tərəfdaş imicinin formalaşdırılması, işçilərin güzəranının yaxşılaşdırılması daha çox diqqət yetirilən istiqamətlərdən olub. Hədəflərin vaxtında və dəqiq müəyyənləşdirilməsindən tutmuş  düzgün kadr, təlim və inkişaf siyasəti, idarəetmə mexanizminin effektivliyinin artırılması, maliyyə-uçot fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasınadək hər şey bir məqsədə xidmət edib: möhtərəm Prezidentimizin dəniz nəqliyyatı işçilərinə diqqət, qayğı və etimadını layiqincə doğrultmaq və “AXDG” QSC-ni müstəqil Azərbaycanın iqtisadi tərəqqisinə sanballı töhfə verə biləcək  çevik şirkətə çevirmək!

Donanmanın təzələnməsindən danışarkən Rauf Vəliyev dövlətin dəstəyi ilə 3 təchizat və yedək, 2 quru yük gəmisinin  alındığını, Bakı Gəmiqayırma Zavoduna 3 sərnişin gəmisinin tikintisinin sifariş edildiyini, Nijni Novqorod Gəmi Təmiri – Gəmiqayırma Korporasiyasında inşa edilmiş üzən dokun yaxın günlərdə istifadəyə veriləcəyinidiqqətə çatdırdı. Fərəhlə qeyd etdi ki, oktyabrın 14-də yeni alınan “Üzeyir Hacıbəyli” və “Natəvan” quru yük gəmilərində müstəqil Azərbaycanımızın dövlət bayrağı qaldırıldıqdan sonra dahi bəstəkarın adını daşıyan quru yük gəmisi doğma sulardan uzaqlarda ilk səfərə çıxmışdır.

R.Vəliyev çıxışının  sonunda xüsusilə qeyd etdi ki, qarşıda görüləsi işlər çoxdur və Cəmiyyətin uğurlu fəaliyyətini təmin etmək, ölkə rəhbərinin dəniz nəqliyyatı işçiləri qarşısında qoyduğu vəzifələri layiqincə yerinə yetirmək üçün bütün zəruri tədbirlər bundan sonra da əzmlə davam etdirilməlidir.

“AXDG”QSC sədrinin baş müşaviri Cəbrayıl Mahmudlu, sədrin müavinləri Cəlal Fərəcli və Fərhad Quliyev çıxışlarında Cəmiyyətin satınalmalar siyasəti, investisiya layihələri, yükdaşıma və logistika sahəsində görülən işlər və QSC-nin 2015-2020-ci illərdə Strateji İnkişaf Konsepsiyası Dövlət Proqramı layihəsinin hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunması barədə məlumat verdilər.

Tədbirdə həmçinin Cəmiyyətin yeni loqotipinin, brendbukunun, veb-saytının və sosial şəbəkələrdəki səhifələrinin təqdimatı oldu. Bildirildi ki, hazırlanmış 5 nümunə sırasından səsvermə yolu ilə seçilən loqotipdə dəniz və gəmiçiliklə bağlı 4 elementdən – lövbər, sükan, dalğa və lentdən istifadə olunub. Loqotipin mərkəzində yerləşdirilən 1858 tarixi ölkəmizdə gəmiçiliyin əsasının məhz həmin ildə “Qafqaz və Merkuri” Səhmdar Cəmiyyətinin yaradılması ilə  qoyulduğuna işarədir. 8 bölmədən ibarət veb-saytda “AXDG” QSC, onun struktur təşkilatları, qanunvericilik bazası, hər cür yükdaşıma və dəniz nəqliyyatı xidmətləri təklif edən donanmalarının texniki imkanları, KSƏTƏMM siyasəti, yeni layihələr və sair barədə üç dildə ətraflı məlumat almaq mümkündür.

Tədbirlər silsiləsi günün ikinci yarısında Bakı Gəmiqayırma Zavodunda davam etdirildi. Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının, Rusiya Dəniz Registrinin ölkəmizdəki təmsilçiliyinin və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin nümayəndələri, BGZ-nin rəhbərliyi, Azərbaycan Dövlət Dəniz Akademiyasının bir qrup tələbəsi cari ilin may ayında sifariş verilmiş 80 nəfərlik 3 sərnişin gəmisinin ilk poladkəsmə mərasimində iştirak etdilər. Qonaqları və kollektivi hər iki əlamətdar hadisə – Cəmiyyətin ildönümü və yeni sərnişin gəmisinin ilk poladkəsmə mərasimi  münasibətilə təbrik edən baş menecer KC Lam  “Azərbaycan Xəzər Dəniz  Gəmiçiliyi” QSC-yə sərnişin gəmilərinin sifarişinə görə minnətdarlığını bildirdi, sifarişin yüksək səviyyədə icra olunacağını dedi.

Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov bildirdi ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də bir il ərzində çox böyük dəyişikliklər baş verib. Avropa–Qafqaz–Asiya (TRASEKA) nəqliyyat dəhlizində bağlayıcı rolunu oynayan Transxəzər istiqamətində yüklərin və sərnişinlərin daşınması ilə eyni zamanda, dənizdə həyata keçirilən neft və qaz əməliyyatlarına müvafiq nəqliyyat xidmətləri göstərilməsində ugurlu nəticələr əldə edilib. O, bunu ölkə başçısının dəniz nəqliyyatına göstərdiyi diqqətin nəticəsi kimi səciyyələndirdi.

“AXDG” QSC-nin sədri Rauf Vəliyev çıxışında xüsusilə vurğuladı ki, ölkəmizdə nəhəng layihələrin icrası müstəqil Azərbaycanımızın güclü iqtisadiyyatının, düzgün siyasətinin və möhkəm iradəsinin nəticəsidir. Xüsusən, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və Bakı–Tbilisi–Qars dəmir yolunun istismara verilməsi ilə əlaqədar yük həcmi və bu yüklərin daşınması üçün müxtəlif təyinatlı gəmilərə tələbat daha da artacaq. Bu baxımdan nəqliyyat donanmasının gücləndirilməsi üçün yeni, müasir gəmilərin alınması  daim diqqət mərkəzində saxlanılır.

Sonda tədbir iştirakçılarının alqışları altında lazerlə polad kəsmə avadanlığı işə salındı. Beləcə, yaxın gələcəkdə Xəzərdə səfərlərə çıxacaq yeni sərnişin gəmilərinin ilk metalı kəsildi…