× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ADDA və ADK-ya 2020-2021-ci tədris ili üzrə plan yerləri açıqlanıb

Dövlət sifarişinə uyğun olaraq 2020/2021–ci tədris ilində ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasına ayrı-ayrı ixtisaslar üzrə ayrılan plan yerlərinin sayı açıqlanıb.

ADDA-nın bakalavriat səviyyəsi üçün Azərbaycan, rus və ingilis dili bölmələri üzrə ümumilikdə 200 yer ayrılıb. Plan yerlərinin 80-i Dəniz naviqasiyası mühəndisliyi (Azərbaycan bölməsi 50 yer, Rus bölməsi 15, İngilis bölməsi 15),  25-i Elektrik və elektronika mühəndisliyi, 80-i Gəmi energetik qurğularının istismarı mühəndisliyi (Azərbaycan bölməsi 50 yer, Rus bölməsi 15, İngilis bölməsi 15), 15-i Gəmiqayırma və gəmi təmiri mühəndisliyi ixtisasının payına düşür.

2020-2021-ci il tədris ilindən ASCO-nun nəzdində fəaliyyət göstərən Azərbaycan Dənizçilik Kollecinə qəbul da bərpa olunub.

Kollecə qəbul Gəmi energetik qurğularının istismarı mühəndisliyi (15 yer), Gəmi enerji avadanlıqlarının və avtomatik vasitələrin təmiri (15 yer)  və Gəmi sürücülüyü (15 yer) ixtisası üzrə aparılacaq. Bu ixtisaslar üzrə ümumilikdə 45 yer ayrılıb. Onlardan 30-u dövlət hesabına, 15-i ödənişli əsaslarladır.

Dənizçilik Kollecinə qəbul yalnız tam orta təhsil bazası (yəni 11 illik) üzrə aparılır. Burada müsabiqə orta məktəbdə keçirilən buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq.

ADDA-nın magistratura səviyyəsinə tələbə qəbulu isə dörd ixtisas və 5 ixtisaslaşma üzrə aparılacaq. Dəniz texnikası və texnologiyası ixtisasının Gəmi təmiri və Gəmiqayırma ixtisaslaşmaları üçün 6 yer, Dəniz texnikası və avadanlıqlarının istismarı mühəndisliyi ixtisasının Gəmi energetik qurğuları və onların istismarı ixtisaslaşması üzrə 6 yer, Gəmiçilik və gəmilərin hərəkətinin idarəedilməsi ixtisasının Gəmilərin hərəkətinin idarəedilməsi ixtisaslaşması üzrə 8 yer, Elektrik mühəndisliyi ixtisasının Gəmilərin elektroenerji sistemləri ixtisası üzrə üç yer ayrılıb. Ümumilikdə burada söhbət 23 yerdən gedir. Bunlardan 16-sı Azərbaycan, 7-si Rus bölməsinin payına düşür.

Xatırladaq ki, həm ali təhsil müəssisələrinə, həm də orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd qəbulu 12 may tarixindən başlayıb və iyunun 5-ə qədər davam edəcək.