× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Rauf Vəliyev : “Biz bütün gücümüzlə çalışırıq ki, əməkdaşların sağlamlığı və təhlükəsizliyi ilə yanaşı, sosial rifahında da çətinlik yaranmasın”

Əziz həmkarlar,

Hazırda dünyanı cənginə almış koronavirus (COVİD-19) infeksiyası ilə bağlı bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da önəmli addımlar atılır. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən vətəndaşların sağlamlığının və təhlükəsizliyinin təmini məqsədilə bir sıra vacib qərarlar qəbul olunub. Bu qərarlara uyğun olaraq ASCO-da da Qərargah və effektiv əlaqələndirmənin təşkili üçün “Qaynar xətt” ( 050 274 30 82) əlaqə mərkəzi yaradılıb, o cümlədən mütəmadi olaraq inzibati binalarda, istehsalat sahələrində, körpülərdə və gəmilərdə dezinfeksiya işləri həyata keçirilir.

Bundan başqa, ASCO-da işin ahənginin pozulmaması üçün fəaliyyətin təşkilində də yeni yanaşmalardan istifadə olunur. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin aparat və struktur müəssisə və təşkilatları üzrə istehsalat zəruriyyəti ilə əlaqədar məhdud sayda əməkdaşın işə çıxmasına icazə verilib. Onlar növbəli rejimdə və ən əsası maksimum təhlükəsiz şəraitdə fəaliyyət göstərirlər. İş sahələrinə gəlmələri qadağan olunan əməkdaşlar isə fəaliyyətlərini “işlərin evdən idarə olunması” (work from home) sistemi ilə davam etdirirlər.

Bu çətin günlərdə üzən heyətin göstərdiyi fədakarlıq isə xüsusi təqdirəlayiqdir. Məhz, onların dənizdə fasiləsiz fəaliyyəti hesabına hazırda ASCO-nun istər yükdaşımalarda rol oynayan, istərsə də neft-qaz sənayesinə xidmət göstərən gəmiləri əvvəlki qaydada istismar olunurlar.

Hər gün işlərin gedişatı və qarşıda duran vəzifələrlə bağlı saat 11-də “Skype” vasitəsilə rəhbər şəxslərlə müşavirə keçirilir. İclasda müəyyən qərarlar qəbul olunur, işin dayanmaması üçün mühüm məsələlər müzakirə edilir. Biz bütün gücümüzlə çalışırıq ki, əməkdaşların sağlamlığı və təhlükəsizliyi ilə yanaşı, sosial rifahında da çətinlik yaranmasın. Əmin ola bilərsiniz ki, bu istiqamətdə hər hansı problem yoxdur və olmayacaq. Hər bir əməkdaş vaxtı-vaxtında əmək haqqını ala biləcək.

İnanırıq ki, üzləşdiyimiz koronavirus bəlası tezliklə geridə qalacaq və biz əvvəlki iş rejimini bərpa edəcəyik. Hazırkı tədbirlər isə tamamilə hər birimizin sağlamlığı və təhlükəsizliyi üçündür. Ona görə də sizi karantin rejiminə riayət etməyə, yaxınlarınız və tanışlarınızla təmasdan qaçmağa çağırıram. Bununla, özünüzlə yanaşı, minlərlə insanın virusa yoluxma və virusdaşıma risklərini azaltmış olacaqsınız. Bu da öz növbəsində virusla mübarizədə effektiv rol oynayacaq.

Bir daha hər birinizi sosial məsuliyyətli davranmağa, virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq hər cür ehtiyat tədbiri görməyə dəvət edirəm.

Hörmətlə,
Rauf Vəliyev
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri