Xəbərlər Xəbərlər "Dəniz" qəzeti E-nəşrlər Foto qalereya Video qalereya Süfrələriniz bərəkətli, yolunuz açıq olsun! 19.03.2020 11:35 Əziz həmkarlar! Yurdumuza fəsillərin ən gözəli bahar gəlir. Sizi – “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin bütün işçilərini gəlişi ilə həm də könülləri qurub-yaratmaq əzmi ilə dolduran, xalqımızın varlığını birlik, böyüklük və yaşam gücü ilə qidalandıran Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə xoş əhvali-ruhiyyə, möhkəm cansağlığı, səadət və müstəqil Azərbaycanın tərəqqisi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə əks etdirən bu gözəl bayramın – Novruzun taleyimizdəki yerini, bir xalq kimi milli dirçəlişimizdəki rolunu Ulu öndər Heydər Əliyev çox yüksək qiymətləndirmişdir: “Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir”. Gəlişinə həmişə ruzi-bərəkət qapısının açılması kimi baxan xalqımız heç vaxt, hətta rəsmən yasaq edildiyi dövrlərdə belə, Novruzdan imtina etməmişdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin sözləri ilə desək: ”Azərbaycan torpağında həmişə əziz tutulan bu bayramın verdiyi tükənməz mənəvi güc sayəsində biz yüz illərdən bəri keçmişimizin çətin və mürəkkəb dövrlərində nikbinliyimizi qoruyub saxlamış, gələcəyə daim ümidlə baxmışıq. Novruz ənənələrinin layiqincə yaşadılması Azərbaycan xalqının çoxəsrlik tariximiz qarşısında müstəsna xidmətidir. Ən ali bəşəri keyfiyyətləri özündə toplayan böyük mənəviyyat və hikmət xəzinəsi olaraq yaz bayramı tarixi-mədəni irsə bağlılığımızı parlaq nümayiş etdirir.” Ölkəmiz müstəqilliyinə yenidən qovuşduqdan sonra ulularımızın əvəzsiz yadigarı olan Novruz Azərbaycan Respublikasının rəsmi milli bayram statusu qazanmışdır. Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində gəlişini həmişə səbirsizliklə gözlədiyimiz bu əziz bayramımızın YUNESKO-nun qeyri-maddi mədəni irsinin inciləri sırasına daxil edilməsi isə hər bir azərbaycanlının qəlbini iftixar hissi ilə doldurur. Tükənməz yeniləşdirici gücü sayəsində xoşbəxt gələcəyə inamımıza inam qatan Novruz həm də daha qüdrətli, daha güclü Azərbaycan naminə bizi yeni əmək qələbələrinə səsləyir. Baharda havaların əlverişli keçməsi ölkəmizin iqtisadi qüdrətinin artmasında mühüm rol oynayan dənizçilərimizin də yükləri mənzil başına tez çatdırmaq, səfərləri uğurla başa vurmaq imkanlarını xeyli genişləndirir. Əminəm ki, dənizçilərimiz təbiətin yaratdığı bu imkandan həmişə olduğu kimi, bu dəfə də gündən-günə çiçəklənən müstəqil Azərbaycanımızın iqtisadi inkişafına daha sanballı əmək töhfələri vermək üçün yararlanarlar. Əziz həmkarlar! Arzu edirəm ki, düz bir il intizarını çəkdiyimiz Novruz Odlar yurduna əbədi səadət, hər evə, hər ailəyə xoşbəxtlik gətirsin. Eviniz işıqlı, süfrələriniz bərəkətli, yolunuz açıq olsun! Bayramınız mübarək! Rauf VƏLİYEV, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri