× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ASCO-da “Təhlükəsizlik Günü” keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) rəhbər şəxslər, bütün gəmilərə təhkim olunmuş hamiyəçi kapitan və mexaniklərin iştirakı ilə  ötən ilin yekunlarına və IV rübə dair “Təhlükəsizlik Günü” keçirilib.

Tədbirdə Keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi departamentinin (KSƏTƏMM) rəisi Ələkbər Əzizli geniş təqdimat ilə çıxış edib. O, ötən il dünya gəmiçiliyində qeydə alınan hadisələrə nəzər salıb, onların başvermə səbəblərindən danışıb.

Daha sonra 2019-cu ilin IV rübündə ASCO-da qeydə alınmış hadisələrin təsviri verilib. Təhlükəsizlik, yanğın və ekologiya üzrə ümumi nöqsanlar diqqətə çatdırılıb, idarələr üzrə təkrarlanan nöqsanlarla bağlı məruzələr dinlənilib.  ASCO və struktura daxil olan donanmalarda keçirilmiş xarici və daxili auditin nəticələri, ötən ilin IV rübündə “Təhlükəsizliyin Keyfiyyətli İdarəedilməsi Sistemi”ndə (TKİS) edilmiş dəyişikliklər, donanmalar və idarələrdə 2019-cu ilin IV rübü üzrə KSƏTƏMM və Tibbi müayinə statistikası ətrafında fikir mübadiləsi aparılıb.

Toplantıda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də təhlükəsizliklə bağlı keçirilən SƏTƏM təlimləri və onların əhəmiyyəti haqqında da ətraflı məlumat verilib. Bildirilib ki, maarifləndirmə hesabına hadisələrin sayında azalma qeydə alınıb.

Tədbirdə 2019-cu ildə görülən işlərlə yanaşı, 2020-ci ildəki hədəflər də diqqət mərkəzində olub.

“Təhlükəsizlik Günü”ndə IV rüb ərzində əmək fəaliyyəti zamanı bütün təhlükəsizlik qaydalarına əməl edən ASCO-nun müxtəlif strukturlarında çalışan əməkdaşlara xüsusi hədiyyələr verilib.