× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ADDA-da istedadların idarəolunması və peşəkar kadr hazırlığı mövzusunda görüş keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyası və ADDA-nın nəzdində olan Azərbaycan Dənizçilik Kollecinin IV kurs tələbələrinə ASCO-da işə qəbul qaydaları, istedadların idarəolunması və kadr hazırlığı ilə bağlı geniş təqdimat keçirilib.

ASCO-nun İnsan resurslarının idarəedilməsi departamentinin (İRİD) təşəbbüsü ilə baş tutan təqdimatda vakant yerlərə müraciət zamanı namizədlərin diqqət yetirməli olduğu məqamlar,  işə qəbul müsabiqəsinin test və müsahibə mərhələlərinin keçirilmə qaydaları, Ehtiyat Kadr Bazasının formalaşdırılma prinsipi izah olunub. Qeyd edilib ki, ASCO üzrə vakant yerlər şirkətin rəsmi internet səhifəsinin (www.asco.az) “Karyera” bölümündə yerləşdirilir və vakansiyalara buradan asanlıqla müraciət etmək mümkündür.

İRİD-in  rəisi Sevda Məmmədova bildirib ki, ASCO-da dənizçilərin işə qəbulu yaranmış tələbat daxilində əsasən Azərbaycan Dövlət Dəniz Akademiyası və onun nəzdindəki Azərbaycan Dənizçilik Kollecinin məzunları arasından şirkətin “İnsan resurslarının idarəedilməsi Qaydaları”na uyğun olaraq müsabiqə yolu ilə aparılır. O əlavə edib ki, ADDA və ADK-da yüksək ixtisaslı kadrların hazırlanması ASCO  sədri Rauf Vəliyevin daim diqqət mərkəzindədir.

Daha sonra tədbirdə iştirak edən qonaqlar öz karyeraları ilə bağlı təcrübələrini bölüşüblər.

 Dəniz Nəqliyyat Donanmasının baş mühəndisi Şahid Orucov bildirib ki, hazırda ölkəmizdə peşəkar dənizçi kadrların yetişdirilməsi üçün hər cür şərait qurulub. Əvvəllər bu cür imkanların olmadığını deyən  Şahid Orucov tələbələrə yaradılmış şəraitdən düzgün və səmərəli şəkildə faydalanmağı tövsiyə edib.

“Bibiheybət” Gəmi Təmiri Zavodunun sabiq baş mühəndisi Fuad Qurbanov ASCO-da və onun strukturlarında gənclərə xüsusi dəstək verildiyini deyib. Onun sözlərinə görə, təcrübəli əməkdaşlar bilik və bacarıqlarını gənc mütəxəssislərə öyrətməkdə hər zaman maraqlıdır.

Peşəkar mütəxəssis olmağın yollarından isə “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun baş mühəndisi Hüseynqulu Heydərov danışıb.  O, bunun böyük əzm və çalışqanlıq tələb etdiyini vurğulayıb.

Dəniz Nəqliyyat Donanmasının rəisinin birinci müavini Elman Cavadov dənizçiliklə bağlı xatirələrini bölüşüb.  Xəzər Dəniz Neft Donanmasının rəisinin birinci müavini Məqsəd Fərhadov isə karyera inkişafından danışaraq ona dərs deyən müəllimlərinin qarşısında çıxış etməyin həyəcanlı və qürurverici olduğunu dilə gətirib.

Tədbirdə ASCO-nun gənc və perspektivli mütəxəssisləri  də çıxış edibər. “Zığ” GTTZ-nin gəmi tikintisi bölməsinin usta köməkçisi Rəhman Yolçulu və Texniki nəzarət şöbəsinin elektrik sahəsi üzrə ustası Elçin Abasov tələbələrə məqsədlərinə nail olmaq üçün hər zaman yeniliklərlə tanış olmağı və mütəmadi üzərilərində çalışmağı  tövsiyə ediblər.  ASCO-da çalışdıqları qısa müddətdə karyera inkişafına nail olan bu gənclər təşəbbüskarlığın və çalışqanlığın yüksək qiymətləndirildiyini qeyd ediblər.

Sonda tələbələrin fikirləri dinlənilib, sözügedən mövzularla bağlı yaranan sualları cavablandırılıb.