× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ASCO-nun Məsləhətləşmələr Şurasının toplantısı keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) Məsləhətləşmələr Şurasının növbəti iclası keçirilib. İclasda ASCO rəhbərliyi, veteran və bu gün fəaliyyət göstərən dənizçilər, “Konstitusiya” Araşdırmalar Fondu, “İqtisadi və Sosial İnkişaf Mərkəzi”, “Vətəndaşların Əmək Hüquqlarını Müdafə Liqası”, “Güzəran Sosial Araşdırmalar İctimai Birliyi” kimi QHT-lərin rəhbərləri, o cümlədən “İki sahil” qəzetinin baş redaktoru iştirak edib.

Əvvəlcə ASCO-nun fəaliyyətindən bəhs edən videoçarx təqdim edilib. Sonra ASCO-nun sədri Rauf Vəliyev son altı illik fəaliyyətlə bağlı geniş təqdimatla çıxış edib.  Bildirib ki, ASCO Donanmasında olan 260-dan çox gəmi ilə həm yükdaşımalarla, həm də ofşor xidmətlərinin göstərilməsi ilə məşğul olur. 160 illik tarixi olan şirkət 2014-cü ildən Xəzərdən kənarda, xarici sularda  fəaliyyətini bərpa edib. Belə ki, indi  ASCO-ya məxsus 14 gəmi beynəlxalq sularda müstəqil Azərbaycanın bayrağı altında üzür.

Son 6 ildə 20 yeni gəminin istismara verildiyini deyən ASCO-nun sədri bu istiqamətdə işlərin davam etdiyini bildirib. Qeyd edib ki, Bakı Gəmiqayırma Zavodunda 6 gəmi tikilir. Onlardan 2-si unikal Ro-Pax/bərə, 4-ü yeni nəsil tankerdir. Ümumiyyətlə isə yaxın 10 ildə Donanmanın tərkibinə 70-dək müxtəlif tipli gəminin daxil edilməsi planlaşdırılır.

Donanmaların mütəmadi yenilənməsi ilə yanaşı, ötən müddətdə güclü yerli kadrların hazırlanması, şəffaflığın təmin olunması, beynəlxalq standartların tələblərinə uyğun fəaliyyətin təşkili də diqqətdən kənarda qalmayıb.

Sədr korporativ idarəetmə sahəsində görülən işlərdən də danışıb. Bildirib ki, bu müddətdə kadr hazırlığı və gənclər siyasətinə də xüsusi diqqət yetirilib. Xəzərdən kənar sularda gənc əməkdaşlara üzmə təcrübəsi fürsəti yaradılıb, əlaçı tələbələr ASCO-da işlə təmin edilib, Azərbaycan Dövlət Dəniz Akademiyasında xarici dillərdə təhsilə başlanılıb, ilin ən yaxşılarına mükafat təyin olunub, perspektivli gənc kadrların karyera inkişafının izlənilməsi sistemi kimi müxtəlif yeniliklər tətbiq edilib.

Son 6 ildə ASCO-da infrastruktur tikinti işləri də davamlı həyata keçirilib. Struktura daxil olan qurumlarda təmir işləri aparılıb, infrastruktur yenilənib.  Hazırda şirkət tərəfindən yaşayış kompleksi və şəhərimizin memarlıq üslubuna uyğun inzibati binanın tikintisi davam edir.

Korporativ sosial məsuliyyət sahəsində görülən işlərdən danışan ASCO sədri Rauf Vəliyev məlumat verib ki, şirkət bu istiqamətdə mütamadi olaraq müxtəlif layihələr həyata keçirir. Davamlı təşkil olunan idman yarışları, tibbi sığortanın tətbiqi, məcburi köçkün və qaçqın ailələrinə ərzaq yardımının verilməsi, qanvermə aksiyaları, 20 Yanvar şəhidlərinin ailələrinə və bu faciə zamanı əlil olmuş əməkdaşlara maddi yardımın ayrılması da bu çərçivədə görülən işlərə daxildir.

Sədr Gəmiçiliyin ötən il 160 illik yubiley ili çərçivəsində həyata keçirilən tədbirlər haqqında da ətraflı məlumat verib.

Rauf Vəliyev ASCO-nun “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu”ndakı roluna da toxunub. Bildirib ki, “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu”  Asiya ilə Avropa arasında ən cəlbedici nəqliyyat dəhlizlərindəndir. Bu marşrut qısa, sürətli və təhlükəsizdir. ASCO isə bu marşrutun əsas və mühüm iştirakçılarından biridir.

Çıxışda ASCO-nun gələcək planları barədə də danışılıb.

Daha sonra ASCO sədri tədbirdə iştirak edən veteran dənizçilər, kapitan və digər gəmi heyəti üzvlərinin, o cümlədən  QHT və KİV rəhbərlərinin şirkətin fəaliyyəti ilə bağlı suallarını cavablandırılıb.

Xatırladaq ki, 2016-cı ildə yaradılan Məsləhətləşmələr Şurasının əsas məqsədi şirkətlə ictimaiyyət arasında səmərəli qarşılıqlı əlaqələrin təşkili, fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması, fəaliyyətinin təkmilləşdirilməsi üçün təkliflərin verilməsindən ibarətdir.