Xəbərlər Xəbərlər "Dəniz" qəzeti E-nəşrlər Foto qalereya Video qalereya ASCO-nun əməkdaşı Çində keçirilən seminarda iştirak edib 25.10.2019 14:37 “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasının Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ekologiya şöbəsinin əməkdaşı Fərid Əliyev Çin Xalq Respublikasında seminarda iştirak edib. İnkişaf etməkdə olan ölkələr (İEOÖ) üçün nəzərdə tutulmuş seminar dənizdə geoloji kəşfiyyat işlərinin aparılması, sahil zonasında ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması məsələlərinə həsr olunub. Bu seminar Çin Xalq Respublikasının Ticarət Nazirliyinin maliyyə dəstəyi ilə Çin Xalq Respublikasının Təbii Sərvətlər Nazirliyi, Çin Dövlət Geoloji Kəşfiyyat Təşkilatı və bu təşkilatın İnkişaf Tədqiqat Mərkəzi tərəfindən təşkil edilib. Seminar üç hissədən ibarət olmaqla Pekin, Tianjin və Şandong əyalətinin Qingdao şəhərlərində baş tutub. Seminar zamanı iştirakçı ölkələrin nümayəndələri üçün sözügedən qurumların professorları, elmi işçiləri və mütəxəssisləri müxtəlif mövzularda mühazirələr keçib və aidiyyəti qurumlara, təşkilat və institutlara səfərlər təşkil olunub. Həm Qingdao, həm də Tianjin şəhərlərində təcrübə mübadiləsi çərçivəsində iştirakçı ölkələrin (Azərbaycan, Argentina, Kuba, Pakistan, Qana, Mərakəş) nümayəndələri təqdimatlar edib. Fərid Əliyev öz təqdimatında Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tarixi inkişaf yolundan, Xəzər dənizinin Azərbaycan sektorunda neft və qaz hasilatında ASCO-nun ixtisaslaşdırılmış donanmasına aid gəmilərin xüsusi rola malik olduğu barədə seminar iştirakçılarını məlumatlandırıb. O, ASCO-nun ətraf mühitin qorunmasında İSO 14001:2015 Ekoloji İdarəetmə Standartının, Marpol 73-78 Beynəlxalq Məcəlləsinin və Beynəlxalq Dəniz Təşkilatının Gəmilərin Təhlükəsiz Hərəkəti və Çirklənməyə Qarşı Beynəlxalq Təhlükəsiz İdarəetmə Məcəlləsinin (İSM) tələblərini rəhbər tutduğunu və Cəmiyyətinin beş əsas siyasətindən birinin məhz Keyfiyyət, Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi üzrə Siyasət (KSƏTƏMM) olduğunu iştirakçıların nəzərinə çatdırıb. Tianjin şəhərinin mətbuat mərkəzində seminarın bağlanış mərasimi təşkil edilib. Sonda iştirakçı ölkələrin nümayəndələrinə sertifikatlar verilib.