Xəbərlər Xəbərlər "Dəniz" qəzeti E-nəşrlər Foto qalereya Video qalereya Tbilisidə “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı keçirilib 22.10.2019 14:27 Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı keçirilib. Gürcüstan, Azərbaycan, Qazaxıstan, Ukrayna, Polşa, Türkiyədən olan dənizçilik, dəmir yolu idarələri, liman və logistika şirkətlərinin 60-dan çox təmsilçisinin qatıldığı toplantıda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-ni (ASCO) qurumun sədri Rauf Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. İclasda “Orta dəhliz”ə yeni növ yüklərin cəlb olunması, 2020-ci il üçün vahid şəffaf tarif siyasəti məsələləri, o cümlədən cari ilin 9 ayında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzərindən yükdaşıma həcmləri haqqında geniş müzakirələr aparılıb. Görüş çərçivəsində Ukraynanın “TIS Konteyner Terminalı” və “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin Beynəlxalq Assosiasiyaya üzv qəbul olunması barədə qərar verilib. Görüşdə ASCO gəmiləri vasitəsilə Aktau-Bakı-Aktau xətti üzrə konteyner daşımalarının aktivləşdirilməsinə dair də fikir mübadiləsi aparılıb. Həmçinin, “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı çərçivəsində Qara dənizdə Gürcüstanın Batumi və Rumıniyanın Konstansa limanları arasında müntəzəm fider konteyner xətti üzrə daşımalar həyata keçirəcək 3 şirkət arasında əməkdaşlıq sazişi imzalanıb. Sazişə ASCO-nun törəmə müəssisəsi “ACSC Logistcs” MMC, Gürcüstanın “GR Logistics & Terminals” Rumıniyanın “GRAMPET GROUP” şirkətləri imza atıblar. Bu xətt üzrə əsas yük kimi Avropa-Çin-Avropa və Avropa-Mərkəzi Asiya-Avropa istiqamətlərindən tranzit yüklərin daşınması nəzərdə tutulub. Gözləntilərə görə, adıçəkilən istiqamətlər üzrə Qara dənizdə konteyner xətti ilə yüklərin çatdırılması müddəti azalacaq. Bu da Qara dəniz üzərindən də keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun cəlbediciliyini və Azərbaycan üzərindən keçən tranzit konteyner daşımalarının həcmini artıracaq. Gürcüstana səfəri çərçivəsində ASCO nümayəndə heyəti “Üçüncü Tbilisi İpək Yolu Beynəlxalq Forum”unda da iştirak ediblər. Forumda böyük İpək Yolunun inkişafı, regional təhlükəsizlik, iqtisadi, enerji, infrastruktur layihələri, logistika və regional əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb.