Xəbərlər

Təcrübəli dənizçi Şakir Dadaşovun təqaüdə çıxması münasibətilə görüş keçirilib
Uzun illər müxtəlif gəmilərdə kapitan işləmiş, son dövrlərdə ASCO-nun Xəzər Dəniz Neft Donanmasının Daxili/Köməkçi Gəmilər Xidmətinin rəisi vəzifəsində çalışan Şakir Dadaşovun təqaüdə çıxması münasibətilə görüş keçirilib.
Görüş zamanı ASCO-nun sədri Rauf Vəliyev Şakir Dadaşovun dəniz nəqliyyatı sahəsindəki çoxillik fəaliyyəti, məsuliyyətli yanaşması və peşəkarlığını yüksək qiymətləndirib. O bildirib ki, Şakir Dadaşov təkcə işinə münasibəti ilə deyil, həm də davranışı və bilikləri ilə gənc kadrlar üçün hər zaman nümunə olub.
Rauf Vəliyev Şakir Dadaşova uğurlar arzu edərək, onun gələcəkdə də zəngin təcrübəsi ilə ASCO-nun və bütövlükdə gəmiçiliyin inkişafına dəstək göstərəcəyinə inandığını deyib.
Görüş üçün təşəkkürünü bildirən Şakir Dadaşov fəaliyyəti dövründə göstərilən diqqət və etimada görə minnətdarlığını bildirib. O, Prezident İlham Əliyev tərəfindən 2017-ci ildə “Tərəqqi” medalı ilə təltif olunmasını fəaliyyətinə verilən yüksək dəyərin göstəricisi kimi qiymətləndirib və bunun daim ona məsuliyyət hissi aşıladığını vurğulayıb.