Xəbərlər

ASCO-da 2025-ci il “Təhlükəsiz İş ili” elan edilib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) 2024-cü ilin yekunlarına həsr olunmuş “Təhlükəsizlik Günü” keçirilib.
Bütün strukturların nümayəndələrinin iştirak etdiyi tədbirdə sahə üzrə məsul şəxslər təqdimatlarla çıxış ediblər. Təqdimatlarda əmək şəraitinin yaxşılaşdırılması, istehsalatda baş verə biləcək qəzaların, hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.
“Təhlükəsizlik Günü”ndə həmçinin işçi qüvvəsi və iş saatları, SƏTƏM monitorinqlərinin statistikası, qeydə alınmış qəza və hadisələr, tibbi hesabat, struktur bölmələrdə aşkarlanmış uyğunsuzluqlar, eləcə də idarəetmə sistemində edilən dəyişikliklər müzakirə olunub. Bundan başqa, bildirilib ki, təhlükəsizlik qaydalarına dair strukturlarda mütəmadi olaraq müxtəlif təlimlər keçirilir və maarifləndirici tədbirlərlə yanaşı, təhlükəsiz əmək fəaliyyətinə görə fərqlənən əməkdaşlara təşəkkür edilir.
Toplantıda çıxış edən ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev 2025-ci ilin Gəmiçilikdə “Təhlükəsiz İş ili” elan edildiyini bildirib. Sədr tapşırıq verib ki, bu sahədə müvafiq tədbirlər planı hazırlanmalı, bədbəxt hadisələrin baş vermə səbəblərinin təhlilinə əsasən müəyyən edilən tədbirlərin icrası və digər məsələlər üzrə işlər, habelə nəzarət mexanizmləri daha da gücləndirilməlidir.
İclasda əməyin mühafizəsi və təhlükəsizlik texnikası sahəsində nöqsanlara yol verən əməkdaşlar cəzalandırılıb.
Sonda ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev istehsalatda əməyin təhlükəsizliyi ilə bağlı hər bir tədbirin xüsusi önəm daşıdığını və təhlükəsizlik qaydalarına ciddi riayət etməyin vacibliyini bir daha əməkdaşların diqqətinə çatdırıb.