× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ASCO BDU tələbələrinin “Telders” Beynəlxalq Məhkəmə Müsabiqəsində iştirakına dəstək verib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Korporativ Sosial Məsuliyyəti çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin tələbələrinin Avropada nüfuzlu məhkəmə müsabiqəsi hesab edilən “Telders” Beynəlxalq Məhkəmə Müsabiqəsində (“Telders” International Law Moot Court Competition) iştirakına maliyyə dəstəyi verib.

Azərbaycanın ilk dəfə qatıldığı beynəlxalq müsabiqədə ölkəmizi BDU-nun Hüquq fakültəsinin III və IV kurs ingilis bölməsinin tələbələrindən ibarət komanda təmsil edib Müsabiqəyə qatılan 31 komandanın beş ay ərzində ərsəyə gətirdiyi işlərin qiymətləndirilməsi zamanı BDU tələbələrinin iddiaçı memorialı (yazılı arqument) 9-cu, cavabdeh memorialı isə 13-cü yerə layiq görülüb. Ümumi nəticələrə görə, Azərbaycan komandası 12-ci sırada qərar tutub.

Yeni növ koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə müsabiqənin şifahi mərhələsi ləğv edilib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Ədalət Məhkəməsi modelini də təmsil edən “Telders” Beynəlxalq Məhkəmə Müsabiqəsi 1977-ci ildən hər il Niderland Krallığının Haaqa şəhərində keçirilir. Müsabiqənin məqsədi hüquq təhsili alan tələbələrin beynəlxalq hüquq sahəsində analitik və praktiki bacarıqlarını inkişaf etdirməkdir.

Komanda üzvləri göstərdikləri dəstəyə görə BDU rəhbərliyinə və müəllimlərinə, eləcə də bütün xərcləri üzərinə götürən ASCO-ya təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, ASCO daim elm və təhsillə bağlı müxtəlif layihələr həyata keçirir. Bu sahəyə dəstək şirkətin KSM strategiyasının ən vacib istiqamətlərindən biridir. Elm və təhsilə həvəsli gəncləri stimullaşdırmaq, onların ölkəmizə layiqli vətəndaş kimi formalaşmasına dəstək olmaq şirkətin ən prioritet məqsədlərindən biridir.