× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ASCO-nun “Suraxanı” gəmi-muzeyi beynəlxalq konfransda təmsil olunub

Bakıda “Resurslar və mədəniyyət: arxeologiyadan yeni texnologiyaya” adlı konfrans keçirilib. “Birlik irsi. Gələcək üçün ənənələr” çoxillik kompleks proqramı çərçivəsində keçirilən konfrans Ümumrusiya Dekorativ Sənəti Muzeyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə baş tutub.

Konfransda ASCO-nun “Suraxanı” gəmi-muzeyinin direktoru Tural İbrahimov “Müasir texnologiyaların mədəni və təbii irsin qorunmasındakı rolu” mövzusunda təqdimatla çıxış edib.

Tural İbrahimov çıxışında gəmi-muzeydə reallaşdırılan innovativ həllər barədə ətraflı məlumat verib. O bildirib ki, dənizçilik peşəsinin ziyarətçilərə daha maraqlı üsulla çatdırılması məqsədilə fəaliyyətə başladığı dövrdən muzeydə müxtəlif müasir texnologiyalar tətbiq olunur, eyni zamanda bu istiqamətdə fəaliyyət davamlı təkmilləşdirilir və genişləndirilir.

O, muzeyin zallarında yerləşən artırılmış və virtual reallıq sistemləri, müasir interaktiv oyunlar, unikal 360 dərəcəlik ekran və digər multimediya avadanlıqlarının ziyarətçilərin muzeyə marağını daha da artırdığını, eyni zamanda onlara bələdçilərin köməyi olmadan ekpozisiyaları daha dərindən hiss etmək fürsəti yaratdığını bildirib.

Qeyd edək ki, 3 ildən çoxdur, fəaliyyət göstərən gəmi-muzeydə 3D skaner və printerlərdən istifadə edilməklə, eksponatların virtual surətləri, çatışmayan hissələri yaradılır. Bu yanaşma ümumilikdə mədəni və təbii irsin məhv edilməsinin qarşısını almağa imkan verir.

Geniş ziyarətçi auditoriyasının rəğbətini qazanan muzeydə dənizçilik peşəsinin təbliği ilə yanaşı, indiydədək təbii və mədəni irsin qorunması, ətraf mühitin mühafizəsi istiqamətində də bir sıra layihələr təqdim olunub.