× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

“Xocalı” gəmisinə azərbaycanlı kapitan və kapitanın böyük köməkçisi təyin olunub

Xəzərdənkənar sularda fəaliyyətin genişləndirilməsi strategiyasına uyğun olaraq son iki ildə istismara verilən həm “Aframax”, həm də “Handysize” tipli gəmilərin heyətinin milli dənizçi kadrlardan formalaşdırılması əsas prioritetlərdəndir. Bu istiqamətdə mühüm addımlar atılır, mütəmadi vakansiyalar elan olunur, belə gəmilərdə indiyədək işləməyən azərbaycanlı dənizçilər üçün təcrübə imkanları yaradılır və s.  Görülən tədbirlərin nəticəsidir ki, sözügedən nəhəng gəmilərin heyət üzvləri sırasında milli kadrların sayı artır.

Bu ilin mayında istismara qəbul edilən ASCO-nun ilk “Handysize” tipli “Xocalı” quru yük gəmisinə elan edilmiş vakansiyaya uyğun olaraq azərbaycanlı dənizçi kapitan təyin olunub. Gəmini bundan sonra dənizçilik sahəsində, xüsusilə nəhəng gəmilərin idarə edilməsində uzunmüddətli təcrübəyə malik Elman Əliyev idarə edəcək.

Elman Əliyev 31 iyul 1981-ci ildə Füzulidə anadan olub. 1999-2003-cü illərdə Azərbaycan Dövlət Dəniz Akademiyasında təhsil alıb.

O, 2005-ci ildə kapitanın növbə köməkçisi kimi xarici sularda fəaliyyətə başlayıb. Son 10 ildə isə kapitan kimi dünyanın fərqli bayraqları altında üzən müxtəlif tonnajlı “Handysize”, “Panamax, “Aframax” tipli gəmilərdə işləyib.

Elman Əliyev Azərbaycana məxsus “Handysize” tipli gəminin kapitanı olmaqdan böyük qürur hissi keçirdiyini bildirib: "“Xocalı” gəmisinin kapitanı olmaq tam fərqli hissdir, böyük fəxrdir. Gəminin sükanını mənə etibar edən ASCO rəhbərliyinə təşəkkür edirəm. Kapitan olaraq məsuliyyətimi yaxşı anlayıram, gəminin təhlükəsiz və uğurlu istismarı üçün əlimdən gələni əsirgəməyəcəm. Arzu edirəm ki, belə gəmilərimizin sayı getdikcə artsın. Bu cür gəmilərin çoxalması o deməkdir ki, Azərbaycan dənizçilik sahəsində daha da inkişaf edəcək, tanınacaq, eyni zamanda dənizçilərimiz üçün də əlavə iş yeri olacaq.”

Onu da əlavə edək ki, “Handysize” tipli “Xocalı” gəmisinin kapitanın baş köməkçisi də azərbaycanlıdır. ADDA-nın məzunu olan Rahib Ağazadə bu tip gəmilərin idarə edilməsində böyük təcrübəyə malikdir.

Bundan başqa, hazırda Nihad Məmmədzadə (göyərtə üzrə) və Rəhman Lametov (maşın şöbəsi üzrə) təcrübəçi kimi “Xocalı” gəmisinə göndərilib.

Qeyd edək ki, “Handysize” tipli gəmilərin idarə edilməsində təcrübəsi olan dənizçilər üçün hazırda da vakansiya mövcuddur. Namizədlər vakansiyaya ASCO-nun “Karyera” bölməsi üzərindən və ya recruitment@asco.az ünvanına CV göndərməklə müraciət edə bilərlər.