× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

“Aframax” tipli “Xankəndi” tankerində Azərbaycan Bayrağı qaldırılıb - VİDEO+FOTOLAR

SOCAR və ASCO-nun Müşahidə Şuralarının razılığı ilə paritet əsaslarla yaradılaraq  Ələt Azad İqtisadi Zonasında qeydiyyatdan keçirilmiş “SA Maritime AFEZCO” Birgə Müəssisəsinin bazar araşdırmaları nəticəsində alınmış sayca dördüncü “Aframax” tipli tanker istismara qəbul olunub. Prezident İlham Əliyevin tapşırığı ilə gəmiyə qədim Azərbaycan torpağının şərəfinə “Xankəndi” adı verilib. 

Bundan əvvəl istismara verilən “Aframax” tipli digər tankerlərimiz kimi, “Xankəndi” də “ASCO Shipmanagement AFEZCO" tərəfindən idarə olunacaq.

Türkiyənin Aliağa limanında Dövlət Himnimizin sədaları altında “Xankəndi” tankerində üçrəngli bayrağımız qaldırılıb.ASCO-nun İdarə heyəti sədrinin müavini Tariyel Mirzəyev “Xankəndi” tankerinin istismara verilməsi münasibətilə bütün dənizçiləri təbrik edib, heyətə uğurlar arzulayıb.

Tədbirdə həmçinin gəmi kapitanına milli suvenirlər təqdim olunub.

Mərasimdə məhdudiyyətsiz üzmə imkanlarına malik olan və Xəzərdənkənar sularda üzəcək “Xankəndi” tankerinin istismara verilməsinin Azərbaycan iqtisadiyyatı və milli gəmiçilik üçün strateji əhəmiyyət kəsb etdiyi vurğulanıb. 

Tədbirdə o da qeyd olunub ki, həm “Xankəndi”, həm də digər bu tip gəmilərimizdə heyətin milli dənizçi kadrlardan formalaşdırılması əsas prioritetlərdəndir. Artıq bu tip gəmilərin heyət üzvləri sırasında azərbaycanlı dənizçilər də var. Onlardan ikisi - kapitanın üçüncü köməkçisi Cahangir Yaqubov və dördüncü mexanik Teyyub Məmmədov “Xankəndi” gəmisində işləyir.

Qeyd edək ki, gəmiqayırmanın son nailiyyətləri əsasında inşa olunan tankerin dedveyti (ümumi yükgötürmə qabiliyyəti) 115 521 tondur. Uzunluğu 249,95 metr, eni 44 metr, bortunun hündürlüyü 21,20 metr, suya oturumu 15,22 metr, makimum sürəti 16 knotdur.