× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

“Təhlükəsizlik ayı”nın yekunlarına həsr olunmuş toplantı keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) üzrə əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına nəzarətin gücləndirilməsi məqsədilə elan edilən “Təhlükəsizlik ayı”nın yekunlarına həsr olunmuş toplantı keçirilib.

ASCO-nun dayanıqlılıq və emissiyaların idarəedilməsi üzrə direktoru Ələkbər Əzizli çıxış edərək diqqətə çatdırıb ki, "Təhlükəsizlik ayı" ilə əlaqədar bütün istehsalat obyektlərində növbədənkənar SƏTƏM monitorinqləri aparılıb. Müəssisələrdə kran təsərrüfatları, körpülər, hidrotexniki qurğular, qazanxanalar, qapalı iş əraziləri, ağır mexanizmlər, press qurğuları, tökmə sobaları, yüksək təyziq altında olan balon və xətlər, havalandırma sistemləri, sex konstruksiyaları, elektrik təsərrüfatları yoxlanılıb. Həmçinin ərazilərdə zəruri təlimatlar, işarələr, maarifləndirici lövhələr yerləşdirilib.Təmirdə və istismarda olan gəmilərdə çalışan işçilər və gəmi heyəti müvafiq sahə üzrə mövcud risklər barədə məlumatlandırılıb. “Təhlükəsizlik ayı” çərçivəsində pirotexniki məmulatlar, yanar qaz və maye saxlanılan ərazilərdə də  təkrar yoxlamalar keçirilib. Gəmi və sahil obyektlərində ətraf mühitin çirklənməsinin qarşısının alınması üçün ekoloji tədbirlərin icrasına nəzarət gücləndirilib. İşçilərin peşə biliklərinin artırılması üçün təlimlər təşkil edilib, əməyin mühafizəsi üzrə peşə təlimatlarına, risklərin qiymətləndirilməsi cədvəllərinə yenidən baxılıb. 

Daha sonra çıxış edən ASCO sədri Rauf Vəliyev nöqsanların aşkarlanaraq qeydə alındığı yerlərdə intizamsızlıqlarına görə cavabdeh şəxslərə iradlarını bildirib. O, təlükəsizliyin bütün iş proseslərinin önündə gəldiyini vurğulayaraq, bu sahədə məsuliyyətsiz davranışların nəticələrinin şirkətə və onun fəaliyyətinə mənfi təsir göstərdiyini deyib. Rauf Vəliyev qeyd edib ki, aşkarlanan ən xırda təhlükəsizlik məsələsinə görə belə aidiyyəti şəxslər qanunvericiliyin tələblərinə uyğun cəzalandırılacaq. 

Sədr rəhbər şəxslərə aşkarlanmış nöqsanların təhlili, onların baş vermə səbəblərinin aradan qaldırılması, habelə əməkdaşlar arasında təhlükəsiz davranış vərdişlərinin aşılanması və prosesin səmərəliliyinin yüksəldilməsi barədə tapşırıqlarını verib.

O həmçinin ildə iki dəfə ASCO üzrə “Təhlükəsizlik ayı” elan olunmasını, eləcə də ay üzrə nəticələrin kollektiv şəkildə müzakirəsinin təşkil edilməsini tapşırıb. 

Rauf Vəliyev SƏTƏMM əməkdaşlarının diqqətinə onu da çatdırıb ki, onlar bütün təhlükəli işlərin dayandırılması üçün tam səlahiyyətə malikdirlər. Bundan başqa, sədr zavodlardakı, tərsanələrdəki və digər idarələrə məxsus istehsalat sahələrinin balansındakı yükqaldırıcı avadanlıqlar və tərtibatların (birləşmələr, troslar və s. hissələri) peşəkar şirkət tərəfindən yenidən yoxlanılmasının təşkili barədə göstəriş verib.

Toplantının sonunda konkret nöqsanlar ətrafında müzakirələr aparılıb, digər çıxışlar dinlənilib, rəy və təkliflər öyrənilib.