Xəbərlər Xəbərlər "Dəniz" qəzeti E-nəşrlər Foto qalereya Video qalereya ASCO nümayəndə heyəti “Aframax” tipli “Zəngəzur” tankerində olub 14.08.2024 19:40 “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İdarə Heyətinin sədri Rauf Vəliyev, eləcə də digər ASCO əməkdaşlarından ibarət nümayəndə heyəti Türkiyədə STAR neft emalı zavodunda yükboşaltma əməliyyatında olan “Zəngəzur” tankerinə baş çəkib. Nümayəndə heyəti gəminin idarə edilməsi ilə əlaqədar məsələlərlə, o cümlədən onun cari istismar vəziyyəti və tankerə texniki xidmətin təşkili ilə yerində tanış olub. Kapitan tankerin idarə edilməsi və heyəti haqqında ümumi məlumat verərək bildirib ki, “Zəngəzur”un istismara qəbul olunmasından ötən bir il ərzində onun bütün fəaliyyəti beynəlxalq konvensiyaların tələblərinə uyğun təşkil edilib. Sədr gəminin kapitanı və baş mexanikindən burada təcrübədə olan, eləcə də təcrübə keçdikdən sonra əsas heyətə təyinat alan azərbaycanlı dənizçilərin "Aframax" tipli böyük tankerlərdə işləmələri üçün hazırlanmasına, onların bu sahədə yetişmələrinə köməklik göstərilməsini xahiş edib. Səfər çərçivəsində ASCO sədri tankerin heyəti sıralarına yeni daxil olan azərbaycanlı dənizçilərin işə adaptasiya prosesi ilə də maraqlanıb, onlarla “Aframax” tipli gəmidə işləməyin üstünlükləri barədə söhbət edib. Dənizçilər yaradılan fürsətə görə təşəkkürlərini bildiriblər. Qeyd edək ki, bu gəmidə təcrübə keçdikdən sonra Heydər Hacıyev 4-cü mexanik, Vüsal Ələkbərov kapitanın 3-cü köməkçisi vəzifəsinə təyinat alıblar. İqnat Hacıqayubov isə peşəkar motorçu kimi “Zəngəzur” tankerinin heyəti sıralarına işə qəbul olunub.