Xəbərlər Xəbərlər "Dəniz" qəzeti E-nəşrlər Foto qalereya Video qalereya “Zəngilan” tankerinin ilk səfəri Türkmənistanın Alaca limanına olub 17.07.2024 09:58 “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda tikilmiş və iyulun 2-də Prezident İlham Əliyevin iştirakı ilə istismara qəbul edilmiş “Zəngilan” tankerinin ilk səfəri Türkmənistanın Alaca limanına olub. Tanker buradan qəbul etdiyi xam nefti iyulun 17-də Səngəçal Dəniz Limanına çatdırıb. Uzunluğu 141, eni 16.9 metr olan yeni nəsil “Zəngilan” tankerinin daimi heyəti 15 nəfərdən ibarətdir. Tanker ümumi tutumu 9212 kubmetr olan 6 yük çəninə malikdir, onun dedveyti 7800 tondur. Gəminin texniki göstəriciləri, xüsusilə suya oturumu maksimum yük götürməklə Xəzər hövzəsində nisbətən dayaz limanlara daxil olmağa və Xəzərdən kənara yük daşımağa imkan yaradır. “Zəngilan” Bakı Gəmiqayırma Zavodunda inşa olunan sayca dördüncü milli tankerdir. Bundan əvvəl istismara verilən “Laçın” və “Kəlbəcər” tankerlərindən fərqli olaraq, “Akademik Xoşbəxt Yusifzadə” tankeri kimi, “Zəngilan” ilə də həm neft, həm də kimyəvi məhsullar daşımaq mümkündür. Onu da qeyd edək ki, Bakı Gəmiqayırma Zavodunda hazırda ASCO üçün daha üç tankerin inşası da nəzərdə tutulur. Bununla bağlı sifarişlər verilib və müvafiq müqavilələr imzalanıb.