× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Gəmi-muzeydə Beynəlxalq Muzeylər Günü qeyd olunub

18 May - Beynəlxalq Muzeylər Günü ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyində “Açıq qapı günü” keçirilib.

Gün çərçivəsində muzeydə bütün yaş kateqoriyasından olan qonaqlar üçün müxtəlif maraqlı tədbirlər təşkil olunub.

“YAŞAT” Fondunun dəstəyi ilə şəhid və qazi övladları üçün xüsusi ekskursiya keçirilib. Həmçinin onlar “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun üzvü, rejissor və aktyor, publisist, Əməkdar artist Bəhram Bağırzadə ilə görüşüblər. Tanınmış incəsənət xadimi yeni nəşr olunmuş kitablarını imzalayaraq, uşaqlara hədiyyə edib.

Beynəlxalq Muzeylər Günündə fiziki məhdudiyyətli şəxslər də xüsusi diqqətdə saxlanılıb. Peşəkar surdo-bələdçinin köməkliyi ilə həmin qrupdan olan uşaqlar üçün muzeyin ekspozisiya zallarına ekskursiyalar təşkil olunub. Bununla da, ASCO, o cümlədən gəmi-muzey daha inklüziv mühitin yaradılmasına töhfə vermək, həssas qrupların cəmiyyətə sürətli inteqrasiyasını təmin etmək məqsədilə göstərdiyi təşəbbüs və səylərə sadiqliyini bir daha nümayiş etdirib.

Bu gün balaca ziyarətçilərə ASCO-nun təşəbbüsü ilə nəşr olunan “Dənizçilik əlifbası” kitabı da hədiyyə edilib. Dünyada ilk tanker-muzeyinin eksponatları əsasında hazırlanan kitabda dənizçiliyə aid terminlər və onların izahları yer alıb.

Bütün bunlarla bərabər, tədbirdə təbiətə həssas münasibətin vacibliyi də ön planda olub. Dəniz canlılarını yemləmək məqsədilə “Suraxanı”nın göyərtəsində xüsusi dəmir yeşiklərdə qidalar qoyulub və onları yemləmək üçün ziyarətçilərə çağırış edilib. “Yem ver, yaşat” devizi ilə edilən bu çağırışa hər kəs böyük həvəslə qoşulub.