× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ASCO nümayəndələri təcrübə mübadiləsi proqramı çərçivəsində "V.Ships"in Manila ofisində olublar

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və dünyanın aparıcı gəmi idarəetmə şirkəti olan “V.Ships” arasında sahil heyəti əməkdaşları üçün təcrübə mübadiləsi proqramı həyata keçirilir. Proqrama əsasən, ASCO-nun müxtəlif sahələrdə çalışan əməkdaşları “V.Ships”in beynəlxaq ofislərinə səfərlər edərək, şirkətin təcrübəsi ilə yerində tanış olurlar.

Sözügedən proqram çərçivəsində “V.Ships”in Filippinin Manila şəhərindəki ofisində olan ASCO-nun İnsan resurslarının idarəedilməsi departamentinin rəisi Sevda Məmmədova, departamentin aparıcı mütəxəssisi Röyal Qədirli və təlim üzrə koordinatoru Nəsib Fətullayev şirkətin dünya sularında fərqli bayraqlar altında və müxtəlif gəmi tiplərində üzən dənizçilərə yönəlik tətbiq etdiyi biznes prosesləri, modulları və onların elektron platformalara inteqrasiyası ilə bağlı təcrübəsini öyrəniblər.

ASCO əməkdaşları dənizçilərin bilik və bacarıqlarının davamlı inkişafı, xüsusi simulyatorlarla sahildə, eləcə də mobil tətbiq vasitəsilə gəmidə təlimlərin təşkilinə dair “V.Ships”in tətbiq etdiyi həllərlə də tanış olublar. Həmçinin onlar müasir performans idarəetmə metodlarının tətbiqi, sağlamlıq, əməyin təhlükəsizliyi, dənizçilərin işə qəbulundan başlayaraq gəmidən düşürülməsinədək bütün proseslərin icrası və avtomatlaşdırılması, o cümlədən “ShipSure” elektron platformasının iş mexanizmləri ilə bağlı yeni təcrübələr əldə ediblər.

Səfər çərçivəsində ASCO nümayəndələri “V.Ships”in Baş əməliyyat direktoru Allan Falkenberg və şirkətin Maniladakı ofisinin vitse prezidenti Paolo Reyeslə görüşərək fikir mübadiləsi də aparıblar. Görüşlərdə qeyd olunub ki, tərəflər arasında müxtəlif istiqamətlərdə uğurlu əməkdaşlıq əlaqələri mövcuddur və qarşılıqlı səfərlər bu münasibətlərin inkişafına böyük töhfə verir.

Onu da qeyd edək, ASCO əməkdaşları CTSİ Təlim Mərkəzi, Norveç Təlim Mərkəzi, dənizçilərin tibb müəssisəsi kimi “V.Ships”in Manila nümayəndəliyinin tərəfdaşlarının ofislərini də ziyarət edərək insan resurslarının idarəedilməsinə dair onların yanaşması ilə tanış olublar.