Xəbərlər

ASCO gəmiləri “Abşeron” qaz-kondensat yatağında borudüzmə işlərini davam etdirirlər
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağında boruların döşənməsi üzrə işlər davam edir.
Borudüzmə əməliyyatlarına “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Aura” yedək-təchizat və “Süleyman Vəzirov” borudüzən gəmiləri cəlb olunub.
Artıq əməliyyatların I mərhələsi yekunlaşıb. Belə ki, “Darvin Bankası” və “Abşeron bankası” arasında 13299 metrlik boru xətti tam çəkilib.
Hazırda gəmilərlə “Abşeron bankası” – “Qərbi Abşeron” arasında boruların döşənməsi prosesi yerinə yetirilir. Bu xəttin uzunluğu 11600 metrdir.
Növbəti mərhələdə isə “Bulla-dəniz” yatağında 2 saylı Qaz Seperator Məntəqəsində borudüzmə işləri görüləcək.
Qeyd edək ki, prosesdə 36 nəfər gəmi heyəti, 56 nəfər texniki işçi çalışır.