Xəbərlər Xəbərlər "Dəniz" qəzeti E-nəşrlər Foto qalereya Video qalereya Mükafatlar sahiblərinə təqdim olunub 05.07.2019 14:32 Azərbaycan Prezidenti İlham Əliyevin 20 oktyabr 2018-ci ildə imzaladığı Sərəncamla “Gəmiçilik sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalına layiq görülən bir qrup dəniz nəqliyyatı işçisinə həmin medalların təqdimolunma mərasimi keçirilib. ASCO-nun sədri Rauf Vəliyev tədbirdə çıxış edərək bildirib ki, dənizçilərin fədakar əməyi hələ Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə layiqincə qiymətləndirilib. Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də dənizçilərə hər zaman xüsusi diqqət və qayğı göstərir, müstəqil Azərbaycanımızın iqtisadi qüdrətinin artırılması naminə gördükləri işləri yüksək dəyərləndirir. Rauf Vəliyev “Gəmiçilik sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalının təsis olunmasını da ölkə başçısı cənab İlham Əliyevin dənizçilərə göstərdiyi etimad və yüksək dəyərin bariz nümunəsi olduğunu bildirib. Qeyd edib ki, Gəmiçiliyin 160 illik yubileyi ərəfəsində təsis olunan və təsdiqlənən medalla adından da göründüyü kimi vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən gəmiçilik sahəsində çalışan işçilər, Azərbaycan Respublikasında gəmiçilik sahəsinin inkişafı və təkmilləşdirilməsində xüsusi rolu olan şəxslər təltif edilirlər. ASCO-nun sədri bildirib ki, ölkə başçısının bu sahəyə diqqət və qayğısı nəticəsində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC fəaliyyəti ərzində stabil inkişaf nümayiş etdirir. Fəaliyyətinin daha effektiv və səmərəli edilməsi üçün şirkətdə yeni yanaşmalar tətbiq olunur. Bütün görülən işlər birmənalı şəkildə ASCO-nun inkişafına müsbət təsir göstərir. Sədr dənizçilik peşəsinin nüfuzunun artırılması, bu sahənin zəngin tarixinin araşdırılaraq üzə çıxarılması və qorunması istiqamətində görülən işlərdən də danışıb. Gələcəkdə bu istiqamətdə daha böyük yeniliklərin olacağını bildirib. Tədbirdə çıxış edən qocaman dənizçi, uzaq səfərlər kapitanı Muxtar Axundov da dənizçi peşəsinin nüfuzundan söz açıb. Bu peşənin şərəfli və məsuliyyətli olduğunu deyən Muxtar Axundov ASCO-da işləməyin üstünlükləri, burada əməkdaşlar üçün yaradılan geniş imkanlardan da danışıb. O, təcrübəli dənizçi kimi həyata keçirilən işləri yüksək qiymətləndirdiyini bildirib. Daha sonra Rauf Vəliyev “Gəmiçilik sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalını sahiblərinə təqdim edib. Bundan başqa, mərasimdə ASCO-da 2018-ci ilin yekunlarına görə “Ən yaxşı gəmi”, “Ən yaxşı kapitan”, “Ən yaxşı mexanik”, “Ən yaxşı elektrik mexaniki”, “Ən yaxşı bosman”, “Ən yaxşı matros”, “Ən yaxşı motorçu”, “Ən yaxşı gəmi təmirçisi”, “Ən yaxşı müəllim” və “İlin gənc dənizçisi” nominasiyaları üzrə qaliblər də mükafatlandırılıb. “Ən yaxşılar” ASCO sədri Rauf Vəliyevin imzaladığı əmrlə müsabiqənin keçirilmə qaydaları və Təşkilat komitəsinin müvafiq protokolu nəzərə alınaraq müəyyən edilib. Nominasiya üzrə birinci yerin qaliblərinə onların aylıq vəzifə maaşlarının iki misli məbləğində, ikinci yerin qaliblərinə isə onların aylıq vəzifə maaşlarının bir misli məbləğində mükafat verilib. “Ən yaxşı gəmi” nominasiyası üzrə birinci yeri tutmuş (XDND-nin “General Əsədov” gəmisi, DND-nin “Zərifə Əliyeva”gəmisi) gəmilərin heyət üzvlərinin hər biri isə onların aylıq vəzifə maaşlarının bir misli, ikinci yeri tutmuş (XDND-nin “Atlet-24” gəmisi, DND-nin “Nəsimi” gəmisi) gəmilərin heyət üzvlərinin hər biri onların aylıq vəzifə maaşlarının 0,5 misli məbləğində mükafata layiq görülüb. “Gəmiçilik sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalına layiq görülən və “Ən yaxşılar” nominasiyası üzrə qaliblər göstərilən qayğı və diqqətə görə təşəkkürlərini bildirib, etimadı daha yüksək əmək nailiyyətləri ilə doğruldacaqlarına söz veriblər.