× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ASCO-da ABŞ-dan olan qonaqlarla görüş keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) Amerika Birləşmiş Ştatlarından olan qonaqlarla görüş keçirilib. 

Görüşdə 2015-2018-ci illərdə ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərmiş Robert Sekuta, ABŞ-ın Birləşmiş Ehtiyat Qüvvələrinin sabiq rəhbəri kontr-admiral Ron Maklaren, Xəzər Araşdırma Mərkəzinin direktoru Əfqan Niftiyev iştirak ediblər.

ASCO sədri Rauf Vəliyev qonaqların diqqətinə çatdırıb ki, Azərbaycanda  son illər nəqliyyat sisteminin inkişafı istiqamətində ciddi layihələr həyata keçirilir. Reallaşdırılan layihələr hesabına ölkəmiz sürətlə iri tranzit və logistik mərkəzə çevrilir.

Görüş zamanı beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşması prosesində ASCO-nun tutduğu mövqe, onun yenilənən  donanmalarının fəaliyyəti, Transxəzər Beynəlxaq Nəqliyyat Marşrutu (TBNM) çərçivəsində Gəmiçiliyin  gördüyü  işlər  haqqında da qonaqlara ətraflı məlumat verilib. Rauf Vəliyev bildirib ki, Xəzərdə nəqliyyat və ixtisaslaşmış donanmaları ilə dəniz nəqliyyatı xidmətləri göstərən ASCO bir bazardan asılılığı aradan qaldırmaq üçün 2014-cü ildən  Qara və Aralıq dənizi hövzəsində də fəaliyyətini bərpa edib.   

Qonaqlara məlumat verilib ki, ASCO dünyanın nüfuzlu təsnifat şirkəti olan Amerika Gəmiçilik Bürosu (ABS) və audit şirkəti “Ernst & Young”la da əməkdaşlıq edir. Bu şirkətlərin təqdim etdikləri sertifikat, o cümlədən hazırladıqları hesabatlar şəffaflıq prinsipinə əsasən ASCO-nun rəsmi internet səhifəsində yerləşdirilir.  

Ətraflı təqdimat üçün minnətdarlığını bildirən ABŞ-dan olan qonaqlar  Azərbaycanın nəqliyyat-logistika, tranzit imkanlarının genişləndirilməsi istiqamətində gördüyü işləri müsbət qiymətləndiriblər.

Sonda qonaqları maraqlandıran suallar da cavablandırılıb.