Xəbərlər Xəbərlər "Dəniz" qəzeti E-nəşrlər Foto qalereya Video qalereya Xarici sularda istismar olunan “Natəvan” gəmisinin əsaslı təmiri başa çatıb 18.01.2024 09:44 “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) xarici sularda istismar olunan “Natəvan” universal quru yük gəmisi əsaslı təmir olunub. Təmir işləri Türkiyənin Altınova/Yalova bölgəsində yerləşən “Gürdesan” tərsanəsində aparılıb. Burada görülən işlər çərçivəsində gəminin baş və köməkçi mühərrikləri ilə yanaşı, digər bütün maşın və mexanizmləri təmir olunub. Yük kranları, xilasedici və yanğınsöndürmə vasitələri, ballast və quruducu sistemləri, sıxılmış hava sistemləri və mexanizmləri saz vəziyyətə gətirilib. MARPOL Konvensiyasının 4-cü əlavəsinin yeni tələbinə uyğun olaraq gəminin yanacaq xəttində zəruri dəyişikliklər olunub. Həmçinin gəmidə ballast sularını təmizləyən qurğu quraşdırılaraq müvafiq konvensiyanın tələblərinə uyğunlaşdırılıb. Heyətin yaşayış şəraitini yaxşılaşdırmaq üçün yeməkxana və kayutlarda da lazımi işlər aparılıb. Bundan başqa, gəminin sualtı və suüstü hissələri, göyərtələri təmizlənərək rənglənib, bəzi sualtı hissələrdə zədələnmiş sahələr tamamilə dəyişdirilib. Gəmi əsaslı təmirdən sonra yenidən Qara və Aralıq dəniz hövzəsində yükdaşımalara cəlb olunub. Qeyd edək ki, “Natəvan” gəmisi 2014-cü ildən Xəzərdənkənar sularda istismar olunur. Bu gəminin yükgötürmə qabiliyyəti 5200 ton, uzunluğu 108, eni 16,74 metridir.