× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ASCO atmosferin çirklənməsinin qarşısının alınması istiqamətində qlobal təşəbbüslərə töhfə verir

Gəmilərdən atmosferə buraxılan zəhərli qazların qarşısının alınması “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əsas hədəflərindəndir. Bu hədəfə nail olmaq üçün ASCO-da şirkətin Ekoloji Sosial İdarəetmə (ESG) sisteminə, eləcə də Beynəlxalq Dəniz Təşkilatının və bir sıra digər təsnifat cəmiyyətlərinin emissiyaların azaldılması ilə bağlı 1 yanvar 2023-cü ildən qüvvəyə minən tələblərinə uyğun olaraq mühüm tədbirlər həyata keçirilir.

Bu çərçivədə gəmilərə və onların mühərriklərinə, yağ və yanacaq separatorlarına gecikmələr olmadan texniki xidmətin göstərilməsi, ağır yanacaqdan istifadənin əhəmiyyətli dərəcədə azaldılması, istismar zamanı əlavə yanacaq sərfiyyatını azaltmaq üçün gəmilərin sürətinin optimallaşdırılması xüsusi əhəmiyyət kəsb edir.

Bundan başqa, tələbələrə uyğun olaraq ASCO Gəmi Enerji Effektivliyi Planı Hissə 3 (SEEMP III plan), Karbon İntensivliyi Göstəricisi Planı (CII plan) və Avropa Birliyinin Ölçmə, Hesabatlılıq və Verifikasiya Planının (EU MRV) tətbiqinə başlayıb. Belə ki, enerjinin səmərəliliyinin artırılması və nəzarətdə saxlanılması üçün MARPOL konvensiyasının VI əlavəsinin tələbinə uyğun olaraq gəmilərə 3 hissədən ibarət “Gəmi Enerji Effektivliyinin İdarəolunması Planı” verilir. CII planı gəminin karbon emissiyası göstəricilərinin yaxşılaşdırılması üçün mütəmadi istismar tədbirlərinin görülməsi, göstəricilərin müvafiq şkala əsasında qiymətləndirilməsi və gəmiyə karbon intensivliyi reytinqi verilərək planın illik təsdiqlənməsi məqsədi daşıyır. EU MRV planının mahiyyəti isə gəmilərdə emissiyaların azaldılması istiqamətində mümkün tədbirlərin icrasının dəqiqliyi, karbon hesabatlarının müvafiq metodologiyalar əsasında aparılması, hesabatların aidiyyati üzrə təqdim olunması proseslərində şəffaflığın təmin edilməsindən ibarətdir. Hazırda CII planı 5000 tondan yuxarı və beynəlxalq sularda üzən gəmilərə, EU MRV planı isə Avropa limanlarına daxil olan gəmilərə şamil edilir. Buna uyğun olaraq, artıq ASCO-nun 31 gəmisinə SEEMP III planı, 5 gəmisinə isə CII və EU MRV planları verilib.

Ötən dövrdə görülən işlər nəticəsində gəmilərdə istifadə edilən yanacağın tərkibindəki kükürdün payının 6% azaldılmasına nail olunub. İxtisaslaşdırılmış Donanmaya aid gəmilərin alt hissələrini ildə iki dəfə təmizləməklə isə yanacağa 1-2% qənaət edilib. 

Gələcəkdə gəmilərdə yanacaq səmərəliliyi istiqamətində fəal iştirak edən gəmi heyəti üzvlərinin mükafatlandırılması, emissiyaların rəqəmsal panelə çıxarılaraq izlənməsi sisteminin yaradılması, həmçinin emissiyaların inventarlaşdırılması ilə bağlı ISO 14060 və digər standartların tətbiqi də nəzərdə tutulur.