× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ADDA-da V Avrasiya Risk Beynəlxalq Konfransı işə başlayıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Təbii və texnogen risklərin minimallaşdırılması üzrə innovasiyalar” mövzusunda V Beynəlxalq Avrasiya Risk konfransı öz işinə başlayıb.

Konfransın ilk günündə iştirakçılar Fəxri xiyabanı ziyarət edərək müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla anıblar. Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.

Dünyanın bir çox ölkələrindən dəvət olunmuş aparıcı mütəxəssislərin iştirakı ilə baş tutan konfransın açılışında çıxış edən ADDA-nın rektoru Heydər Əsədov Azərbaycanın təbii və texnogen risklərin qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması istiqamətində gördüyü işlərdən, bu sahədəki beynəlxalq əməkdaşlıqdan danışıb. Rektor bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi siyasətin uğurlu təzahürü ölkəmizdə təbii və texnogen risklər sahəsində də özünü göstərir.

Milli Məclisinin Təbii Ehtiyatlar, Enerji və Ekologiya Komitəsinin sədri Sadıq Qurbanov konfransın əhəmiyyətindən danışaraq təbii ehtiyatlar, o cümlədən neft-qaz, mədən sənayesi və ekoloji istiqamətdə olan risklərlə bağlı fikirlərini bölüşüb.

ASCO sədrinin müavini Zaur Nağıyev çıxışında konfransın “Heydər Əliyev İli”nə həsr edilməsinin təsadüfi olmadığını bildirib. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyev təbii və texnogen risklərin minimallaşdırılması istiqamətində irəli sürülən önəmli təşəbbüsləri daim dəstəkləyib.  Sədr müavini əlavə edib ki, ADDA-nın ev sahibliyi etdiyi V Beynəlxalq Avrasiya Risk konfransı fikir və təcrübə mübadilə baxımından olduqca əhəmiyyətlidir.

Zaur Nağıyev Azərbaycanın ərazi bütövlüyünü tamamilə bərpa etməsinin tarixi əhəmiyyətinə də toxunub. O qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan zəfərlər   ölkəmizin gücünü dünyaya bir daha sübut etdi.

Dünyanın bir çox ölkələrindən olan aparıcı mütəxəssislərin iştirak etdiyi tədbirdə Nobel Sülh Mükafatı Laureatı professor Svyatoslav Timaşev də məruzəçi qismində dəvət olunub. O, risk qiymətləndirməsinə əsaslanan fənlərarası tədqiqatlardakı son tendensiyalar, kritik və strateji infrastrukturların idarə edilməsi mövzusunda məruzə ilə çıxış edib.

Konfrans çərçivəsində ADDA ilə Rusiya Elmlər Akademiyasının Okeanologiya İnstitutu, “Resurslar və Konsaltinq” Elmi-Texniki Mərkəzi, Uhan Texnologiya Universiteti arasında müqavilələr imzalanıb.

Daha sonra konfrans öz işini bölmə iclasları ilə davam etdirib.

Qeyd edək ki, 19 oktyabr tarixinədək davam edəcək V Beynəlxalq Avrasiya Risk konfransı ADDA, “AMİR Technical Servises” şirkəti, Paris dağ-mədən məktəbi, Milan Politexnik Universiteti, Honqkonq Şəhər Universiteti, Dayanıqlılıq üzrə Beynəlxalq Qrup – ABŞ-nin Qnedenko Forumu , Avrova Təhlükəsizlik  və Dayanıqlılıq Assosiasiyası və Qingdao Universitetinin birgə təşkilatçılığı ilə təşkil olunub.