× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

“Dənizçilik əlifbası” "YAŞAT" düşərgəsində şəhid övladlarına təqdim olunub 

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) nümayəndələri şəhid övladları üçün “YAŞAT” Fondu və “ASAN Könüllüləri” Təşkilatının Şamaxıda  həyata keçirdiyi "YAŞAT" düşərgəsinin qonağı olublar.

Düşərgədə Dənizkənarı Milli Parkda fəaliyyət göstərən ASCO-nun “Suraxanı” gəmi-muzeyi haqqında  təqdimat keçirilib.  Bildirilib  ki, ümumilikdə 10 ekspozisiya zalından ibarət muzeydə ziyarətçilər Xəzərin tarixi, Abşeronda neft hasilatı, gəmiçiliyin inkişafı, dünyada ilklərdən sayılan gəmilər, dəniz nəhəngləri, gəmiçiliyin ayrılmaz atributlarından olan naviqasiya alətləri, 5000 ilə yaxın tarixə malik dəniz düyünləri, gəmilərin istismarı zamanı istifadə edilən avadanlıqlarla yaxından tanış ola bilirlər.

Təqdimatlardan sonra şəhid övladlarına ASCO-nun donanmalarına aid gəmilərin maketləri, “Suraxanı” gəmisinin eksponatları ilə yaxından tanışlıq imkanı yaradılıb.

Düşərgə iştirakçılarına ASCO-nun təşəbbüsü ilə işıq üzü görən “Dənizçilik əlifbası” kitabı  haqqında məlumat verilib.   

Dünyada ilk tanker-muzey olan “Suraxanı” gəmi-muzeyinin eksponatları əsasında hazırlanan kitabda dənizçiliyə dair terminlər və onların izahları yer alıb.  Nəfis şəkildə çap olunmuş kitab iştirakçılara hədiyyə edilib.  Nəşrlə uşaqlar sirli-sehirli dənizçi dünyasına səyahət edə biləcəklər.

Daha sonra muzeyin əməkdaşları şəhid övladları üçün müxtəlif master-klasslar təşkil ediblər.

Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhid övladlarının əmanətləri  “YAŞAT” düşərgəsi çərçivəsində ASCO nümayəndələrinin təqdimatlarından razı qaldıqlarını və əldə etdikləri məlumatların onlar üçün maraqlı və faydalı olduğunu bildiriblər.

Qeyd edək ki, ASCO Korporativ Sosial Məsuliyyəti çərçivəsində bu cür layihələrə dəstək verir, şəhid ailələrini və qaziləri daim diqqətdə saxlayaraq onların iştirakı ilə müxtəlif tədbir və layihələr həyata keçirir.