Xəbərlər Xəbərlər "Dəniz" qəzeti E-nəşrlər Foto qalereya Video qalereya “Prezident Heydər Əliyev” tankerinin və “Zərifə Əliyeva” gəmi-bərəsinin təsviri əks olunmuş poçt bloku hazırlanıb 12.05.2023 09:46 “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) təşəbbüsü ilə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın 100 illiyi münasibətilə onların adını daşıyan gəmilərin təsviri əks olunmuş 2 poçt markasından ibarət blok dövriyyəyə buraxılıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “Azərpoçt” MMC-nin hazırladığı orjinal poçt bloku Belarus Respublikasının “Bobruisk İnterated Printing House” çap evində işıq üzü görüb. Yüksək keyfiyyətlə çap olunmuş poçt blokunun ölçüsü 120x80, markaların ölçüləri 52x37 millimetrdir. Poçt blokunun bəzi elementləri şəffaf lakla örtülüb, bəziləri konqrev edilib. Azərbaycanın poçt markaları kataloqunda qeydə alınmış poçt bloku 4 min nüsxədə çap olunub. 400 ədəd poçt bloku isə xüsusi hədiyyəlik bukletdə təqdim edilib. Bu poçt blokunun dövriyyəyə buraxılması dənizçilərin həm Ulu öndər Heydər Əliyevə, həm də görkəmli oftalmoloq Zərifə xanım Əliyevaya sonsuz ehtiramının bariz nümunəsi olmaqla yanaşı, dünyada filateliyaya marağın yenidən artdığı vaxtda əsl kolleksiyaçılar üçün də böyük töhfədir. Qeyd edək ki, 165 illik yubileyini qeyd edən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi milli filateliyamızın inkişafına daim qayğı ilə yanaşıb. Gəmiçilik 140, 145 və 150 illik yubileylərində də klyasserlərdə (markaların saxlanılması üçün şəffaf ciblikli albom) markalar toplusu, 160 illik yubileyində isə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi – 160 il” adlı markalı kitab çap etdirmişdi.