Xəbərlər Xəbərlər "Dəniz" qəzeti E-nəşrlər Foto qalereya Video qalereya Beynəlxalq Qadınlar Günü münasibətilə görüş keçirilib 07.03.2023 17:17 “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə görüş keçirilib. Tədbirdə çıxış edən ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev xanımları təbrik edərək, onlara cansağlığı, fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb. Rauf Vəliyev qeyd edib ki, Azərbaycan qadını müasir cəmiyyətin inkişafına əvəzsiz töhfələr verir: “Elə bir sahə yoxdur ki, orada qadınlar olmadan uğur əldə edilsin. Gəmiçiliyi də xanımlarsız təsəvvür etmək mümkün deyil. Bu gün yüzlərlə qadın kişilərlə çiyin-çiyinə çalışaraq ölkəmizin dəniz nəqliyyatının inkişafında mühüm rol oynayır.” Sədr bildirib ki, digər sahələrdə olduğu kimi, dənizçilikdə çalışan zərif cinsin nümayəndələrinin əməyi də istər dövlət qadın siyasətinin banisi, Ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində, istərsə Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə yüksək qiymətləndirilib. Bu da öz növbəsində onların daha böyük uğurlar əldə etməsinə təsir göstərib. Sədr qeyd edib ki, insan hüquq və azadlıqlarının, onların tərkib hissəsi kimi gender bərabərliyinin təmin edilməsi daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. ASCO da bu siyasətə uyğun olaraq qadınlara kişilərlə bərabər imkanlar yaradıldığını, bir çox mühüm vəzifələrdə xanımların yer aldığını diqqətə çatdırıb. Çıxışının sonunda qadınları bir daha təbrik edən Rauf Vəliyev onlara uzun ömür, xoşbəxtlik və sevinc dolu günlər arzulayıb. Xanımlar öz növbələrində göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyevin əmri ilə bütün xanım əməkdaşlara yüz əlli manat məbləğində birdəfəlik mükafat verilib.