× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Bahar bayramınız mübarək olsun!

Əziz həmkarlar!

Yurdumuza Bahar gəlir.

Sizi –  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin bütün işçilərini gəlişi ilə qəlblərdə ən ülvi duyğular oyadan, könülləri qurub-yaratmaq əzmi ilə dolduran Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə xoş əhval-ruhiyyə, möhkəm cansağlığı, səadət və Azərbaycanın tərəqqisi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar  arzulayıram.

Odlar diyarına hər gəlişi min illərin ənənəsinə uyğun, rəngarəng mərasimlər və el şənlikləri ilə müşayiət olunan Novruzu belə böyük sevinclə qarşılamağımız səbəbsiz deyil. Nəciblik, xeyirxahlıq kimi yüksək mənəvi dəyərləri ilə insanları bir-birinə doğmalaşdıran Novruz həm də onların aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inamını möhkəmləndirir.

Təbiətlə insanın sarsılmaz vəhdətinə dərin ehtiramın ifadəsi olan Novruzun  taleyimizdəki yerini, bir xalq kimi milli dirçəlişimizdəki rolunu yüksək qiymətləndirən Ulu öndər Heydər Əliyev demişdir:“Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir.”

Rəsmən yasaq edildiyi dövrlərdə belə, xalqımız ulularımızın əvəzsiz yadigarı olan bu bayramdan imtina etməmiş, ənənələrini müqəddəs ərməğan kimi həmişə uca tutmuşdur. Möhtərəm Prezidentimiz İlham Əliyevin sözləri ilə desək: ”Azərbaycan torpağında həmişə əziz tutulan bu bayramın verdiyi tükənməz mənəvi güc sayəsində biz yüz illərdən bəri keçmişimizin çətin və mürəkkəb dövrlərində nikbinliyimizi qoruyub saxlamış, gələcəyə daim ümidlə baxmışıq. Novruz ənənələrinin layiqincə yaşadılması Azərbaycan xalqının çoxəsrlik tariximiz qarşısında müstəsna xidmətidir. Ən ali bəşəri keyfiyyətləri özündə toplayan böyük mənəviyyat və hikmət xəzinəsi olaraq yaz bayramı tarixi-mədəni irsə bağlılığımızı parlaq nümayiş etdirir.”

Ölkəmiz müstəqilliyinə yenidən qovuşduqdan sonra isə ulularımızın əvəzsiz yadigarı olan Novruz Azərbaycan Respublikasının rəsmi bayramlarından biri kimi həmişəlik təqvimə daxil olmuşdur. Novruz rəsmi statuslu əsl ümumxalq bayramı kimi ölkəmizin bütün guşələrində geniş qeyd edilir. YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsinin ən qiymətli nümunələri siyahısına  daxil edilməsi isə insanlar arasında dostluq, qardaşlıq duyğularını gücləndirməklə, cəmiyyətdə əmin-amanlığın  bərqərar olmasına zəmin yaradan  Novruzun ən ali keyfiyyətləri özündə birləşdirdiyini bir daha təsdiq edir.

Daha xoşbəxt gələcəyə inamımıza inam qatan Novruz Azərbaycanın işıqlı sabahı və iqtisadi tərəqqisi naminə bizi yeni əmək qələbələrinə səsləyir.

Baharda dənizçilərimizin hünər meydanı olan dənizlərdə də həyat qaynayır, yük axını artır.  Havaların əlverişli keçməsi yükləri mənzil başına daha tez çatdırmaq, səfərləri daha uğurla başa vurmaq imkanı yaradır. Əminəm ki,  dənizçilərimiz təbiətin yaratdığı bu imkandan müstəqil Azərbaycanımızın  iqtisadi inkişafına daha sanballı əmək töhfələri vermək üçün yararlanarlar.

Əziz həmkarlar!

Arzu edirəm ki, böyük sevinc və ürək genişliyi ilə qarşıladığımız Novruz  Odlar Yurduna əbədi səadət, hər evə, hər ailəyə xoşbəxtlik gətirsin. Eviniz işıqlı, süfrələriniz bərəkətli, yolunuz açıq olsun!

Bayramınız mübarək!

 Rauf  VƏLİYEV,

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”

Qapalı Səhmdar Cəmiyyətinin sədri