Xəbərlər Xəbərlər "Dəniz" qəzeti E-nəşrlər Foto qalereya Video qalereya Azərbaycanda inşa olunan ilk tanker suya salındı 21.02.2019 13:15 Azərbaycanda dənizçilik sənayesi durmadan inkişaf edir. Dövlətimiz ölkədə dəniz nəqliyyatının inkişafı, Gəmiçiliyin dünyanın ən qabaqcıl, beynəlxalq standartlara tam cavab verən şirkətə çevrilməsi üçün hər cür dəstək göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə nəqliyyat-logistika, o cümlədən gəmiçilik sahəsində irimiqyaslı layihələr reallaşdırılır. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) həm nəqliyyat, həm də ixtisaslaşdırılmış donanmasının gəmiqayırmanın son nailiyyətləri əsasında inşa olunan gəmilərlə mütəmadi zənginləşdirilməsi də görülən işlərin tərkib hissəsidir. Məhz dövlətimizin başçısının gəmiçilik sahəsinə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir ki, təkcə son 5 ildə 20 müxtəlif təyinatlı gəmi alınaraq istismara verilib. Ümumiyyətlə, ASCO-nun donanmasının yenilənməsi planı çərçivəsində növbəti 10 ildə 70–dən çox gəminin alınması və Bakı Gəmiqayırma Zavodunda tikintisi planlaşdırılır. Bura tanker, quru yük, bərə, kran, sərnişin, dalğıc, təchizat-yedək, yedək, yangınsöndürən, torpaqqazan, dibdərinləşdirən gəmilər daxildir. Gəmilərin istismarı təkcə Xəzərdə öncül mövqeyimizin qorunub saxlanılmasına deyil, xarici sularda fəaliyyətin genişləndirilməsinə, o cümlədən ölkədə gəmiqayırma sənayesinin inkişafına səbəb olacaq. Bundan başqa, həmin gəmilər bir bazardan asılılığın aradan qaldırılmasına, donanmaların rəqabətqabiliyyətinin artırılmasına, Azərbaycan üzərindən tranzit yüklərin daşınmasına, Xəzərdə neft-qaz layihələrinin uğurla icrasına da böyük töhfə verəcək. Sevindirici haldır ki, son illər donanmaların yenilənməsi prosesində yerli gəmiqayırmanın imkanlarından da istifadə olunur. Bununla bağlı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Bakı Gəmiqayırma Zavodu” MMC arasında uğurlu əməkdaşlıq edilir. İndiyədək sözügedən zavodda ASCO-nun sifarişi ilə bir liman-yedək, üç sərnişin gəmisi tikilərək təhvil verilib. Hazırda Gəmiqayırma Zavodunda ASCO üçün iki RST12C tipli yeni nəsil tanker, iki unikal “Ro-Pax” tipli (CNF- 18C) gəmi-bərə tikilir. İnşası qrafikə uyğun davam etdirilən bu gəmilər növbə ilə 2020-ci ilin sonuna kimi təhvil veriləcək. Artıq həmin gəmilərdən birinin – “Laçın” neftdaşıyan tankerinin gövdə hissəsinin tikintisi 100% tamamlanıb. Rəqəmlərlə ifadə etsək, bu, 860,000 xəsarətsiz iş saatı deməkdir. Qalan tikinti və quraşdırma işləri Gəmiqayırma Zavodunun yanalma körpüsündə davam etdiriləcək. Bu məqsədlə “Laçın” tankeri Zavodun tikinti-quraşdırma sahəsindən üzən dok üzərindən hidravlik arabacıqlar vasitəsi ilə suya salınıb. Gəminin inşası tam başa çatdırıldıqdan sonra dəniz-istismar sınaqlarına başlanacaq. Bütövlükdə “Laçın” tankerinin 2019-cu ilin iyununda təhvili planlaşdırılır. ASCO-nun sifarişi əsasında inşa olunan bu tip yeni nəsil tankerlərin uzunluğu 141, eni 16.9, hündürlüyü isə 6 metrdir. Dedveyti dənizdə 7,875 T və çayda 5,447 T olan tankerlər iki ədəd hər biri 1,200kW gücə malik “Wartsila” istehsalı mühərriklərlə təchiz edilib. 11 nəfərlik heyətlə idarə olunan bu gəmilər 10 uzellə hərəkət edir. Tankerlərin hər biri xam neft və neft məhsullarının daşınması üçün ümumi tutumu 9212 kubmetr olan altı yük tankına malikdir. Unikallığı ilə seçilən bu üzən vasitələrin layihəsini Odessa Dəniz Mühəndisliyi Bürosu hazırlayıb. Gəminin suya salınması mərasimində iqtisadiyyat naziri Şahin Mustafayev, Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov və “Bakı Gəmiqayırma Zavodu” MMC-nin baş meneceri İmanverdi Həsənov iştirak ediblər. Suyasalınma mərasiminə Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri də qatılıblar. Mərasim çərçivəsində ASCO-nun sədri Rauf Vəliyev və “Bakı Gəmiqayırma Zavodu” MMC-nin baş meneceri İmanverdi Həsənov tələbələri Bakı Gəmiqayırma Zavodunun fəaliyyəti və burada tikilən yeni gəmilərlə yaxından tanış ediblər. Onlar bildiriblər ki, müasir gəmilərin inşası dənizçilərimiz üçün yeni iş yerlərinin açılması baxımından da önəmlidir. Rauf Vəliyev və İmanverdi Həsənov məhz təhsilində fərqlənən tələbələrin gələcəkdə həm zavodda, həm də gəmilərdə işləmək imkanlarının olduğunu qeyd ediblər. Sonda isə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə “Bakı Gəmiqayırma Zavodu” MMC arasında eyni tipli daha iki tankerin tikintisi üçün yeni müqavilə imzalanıb. Xatırladaq ki, Bakı Gəmiqayırma Zavodu 2013-cü il sentyabrın 20-də cənab Prezident İlham Əliyevin iştirakı ilə rəsmi fəaliyyətə başlayıb. Hazırda burada 1300-ə yaxın yerli mütəxəssis və işçi heyəti çalışır.