× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Süfrələriniz bərəkətli, yolunuz açıq olsun!

Əziz həmkarlar!

Sizi qarşıdan gələn bayramlar – xalqımızın milli və mənəvi birliyini, azərbaycançılıq məfkurəsinə sədaqətini təcəssüm etdirən 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, xoşbəxtlik və müstəqil Azərbaycanımızın tərəqqisi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Yola saldığımız 2018 də ölkəmizin tarixinə uğurlu il kimi daxil oldu. Qlobal iqtisadi böhranın səngimək bilmədiyi dövrdə də xalqımız üçün ilin ildən uğurlu keçməsi təməli Ulu Öndər Heydər Əliyev tərəfindən  qoyulan və möhtərəm Prezidentimiz İlham Əliyevin layiqincə davam etdirdiyi kursun alternativsizliyini bir daha təsdiq edir.

“Azərbaycan Xalq Cümhuriyyəti İli”ndə də  Prezident İlham Əliyevin əzmkar fəaliyyətinin təzahürləri olan bir-birindən parlaq nailiyyətlərin şahidi olduq.  May ayında Bakıda dövlət başçımızın  tarixi hadisə adlandırdığı “Cənub Qaz Dəhlizi”nin, bir ay sonra Türkiyədə TANAP boru kəmərinin rəsmi açılışı oldu.  Xəzər dənizinin ən böyük yükaşırma müəssisəsi – Ələt Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin tamamlanması Azərbaycanın tranzit imkanlarını xeyli artırdı. Cari ildə növbəti telekommunikasiya peyki “Azerspace-2”nin orbitə buraxılması da respublikamızın iqtisadi qüdrəti haqqında çox şey deyir..

Müxtəlif sahələri əhatə edən dövlət proqramlarının, genişmiqyaslı infrastruktur layihələrinin uğurlu icrası ölkəmizin etibarlı tərəfdaş nüfuzunu daha da möhkəmləndirdi. Aparılan islahatlar dünyanın aparıcı iqtisadi mərkəzləri tərəfindən də yüksək qiymətləndirildi. Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövlətlərindən biri hesab edildi.  Əvvəlki illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşan Azərbaycan Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəldi. Belə yüksək nəticə məhz son illər gerçəkləşdirilən islahatlar sayəsində mümkün olmuşdur. Ən əsası, bu il aparılan iqtisadi islahatlar, reallaşdırılan layihələr  gələcək inkişafımız üçün çox gözəl üfüqlər, perspektivlər açır.

Cari ilin əsas özəlliyi, mübaliğəsiz, ölkəmizdə növbəti Prezident seçkilərinin keçirilməsi idi. Aprel ayında xalqımız Azərbaycanı bir çox dövlətlərin əlçatmaz saydığı nailiyyətlərin müəllifinə çevirən İlham Əliyev cənablarına sonsuz inamını bir daha əyani nümayiş etdirdi.

2018-ci il “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti üçün xüsusilə uğurlu oldu. Gəmiçilik özünün 160 illik yubileyini böyük təntənə ilə qeyd etdi. Hər zaman Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı görən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin kollektivinin fədakar əməyi 160 illik yubileyi ilində də yüksək qiymətləndirildi. Dövlət başçısı bütün dənizçiləri ilk növbədə gəmiçilik sahəsində iki yeni ali mükafatın – “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” yubiley və “Gəmiçilik sahəsində xidmətlərə görə” Azərbaycan Respublikası medallarının təsis edilməsi ilə sevindirdi.

160 illik yubileyi ilində Gəmiçiliyin beynəlxalq əlaqələrinin genişləndirilməsi, müstəqil Azərbaycanın üçrəngli bayrağı altında xarici sularda üzən gəmilərimizin sayının 14-ə çatdırılması ilə dünya sularında möhkəmlənməsi, donanmalarımızın daha müasir gəmilərlə zənginləşdirilməsi, Bakı Gəmiqayırma Zavoduna hər biri 100 sərnişin, 56 vaqon və ya 50 yük maşını (TIR) tutumlu unikal Ro-Pax/Bərə tipli iki bərənin və iki tankerin tikintisinin davam etdirilməsi, Gəmiçiliyin yeni dövrə yeni brendlə (ASCO) qədəm qoyması kimi çox  xoş hadisələrin sevincini sizinlə birgə yaşadıq.

Dövlət başçımızın “Dənizçi günü” münasibəti ilə 2018-ci il iyunun 24-də və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyi münasibəti ilə  oktyabrın 20-də imzaladığı Sərəncamlarla 2 nəfərin Azərbaycanın Əməkdar mühəndisi, 2 nəfərin Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülməsi, 1 nəfərin ikinci dərəcəli, 7 nəfərin üçüncü dərəcəli “Əmək” ordeni,  27 nəfərin “Tərəqqi”, 26 nəfərin “Gəmiçilik sahəsində xidmətlərə görə” medalı ilə təltif edilməsi isə Gəmiçiliyin bütün kollektivinin əməyinə verilən yüksək qiymətin bariz nümunəsi idi.

Əminəm ki, kollektivimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırlanan və ölkə həyatının bütün sahələrində daha böyük yüksəlişi təmin edəcək yeni islahatlar konsepsiyasını Yeni ildə əməli işi ilə dəstəkləyəcək, dəniz nəqliyyatı qarşısında qoyduğu bütün vəzifələri layiqincə yerinə yetirəcək, ölkəmizin iqtisadi qüdrətinin artmasına sanballı töhfə verəcək.

Əziz həmkarlar!

2019-cu ildə süfrələriniz bərəkətli, üzünüz gülər, yolunuz açıq olsun!

Bayramlarınız mübarək olsun!

 Rauf Vəliyev,

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”

Qapalı Səhmdar Cəmiyyətinin sədri