× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə təltif olunan dənizçilərə mükafatlar təqdim edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 oktyabr 2018-ci il tarixində imzaladığı Sərəncamlarla Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyi münasibətilə və dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə təltif etdiyi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) bir qrup əməkdaşına mükafatların təqdim olunması mərasimi keçirilib.

 

Tədbirdə çıxış edən ASCO-nun sədri Rauf Vəliyev dənizçilərin əməyini yüksək qiymətləndirən, Gəmiçiliyin inkişafını daim diqqət mərkəzində saxlayan dövlət başçısına kollektivin adından dərin minnətdarlığını bildirib.

Rauf Vəliyev Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsindən, ölkəmizin davamlı tərəqqisindən, dənizçilik sahəsində qazanılan nailiyyətlərdən danışıb. Bildirib ki, dəniz nəqliyyatı sahəsində çalışanların fədakar əməyi hələ Ümummilli Liderimiz Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə yetərincə qiymətləndirilib. Ulu Öndərin siyasətini layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev də dənizçilərə daim diqqət və qayğı göstərir, müstəqil Azərbaycanımızın iqtisadi qüdrətinin artırılması naminə gördükləri  işləri yüksək dəyərləndirir.

Rauf Vəliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin son 5 illik fəaliyyətinə nəzər salaraq deyib ki, bu müddətdə bir çox uğurlar əldə olunub. Sözügedən dövrdə  gəmiçilik fəaliyyəti üzrə beynəlxalq sertifikatlar alınıb, kadr siyasətində mühüm yeniliklər tətbiq edilib, ASCO-nun Xəzərdə aparıcı mövqeyinin qorunub saxlanılması istiqamətində ciddi işlər görülüb, beynəlxalq sularda fəaliyyəti bərpa olunub.  

ASCO-nun sədri Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyi münasibətilə keçirilən tədbirlərdən də bəhs edib.   Qeyd edib ki, 160 illik yubiley çərçivəsində  gəmiçiliklə bağlı iki medal (“Gəmiçilik sahəsində xidmətlərə görə” və  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” medalları) təsis edilib, Gəmiçiliyin tarixi və müasir fəaliyyətindən bəhs edən kitablar yazılıb, filmlər çəkilib, gənc rəssamlar arasında təsviri incəsənət müsabiqəsi və müsabiqə çərçivəsində həmin əsərlərin sərgisi keçirilib, yerli və xarici tərəfdaş şirkətlərin iştirakı ilə Heydər Əliyev Mərkəzində rəsmi tədbir baş tutub. Bununla belə, Gəmiçilik yeni dövrə yeni brendlə qədəm qoyub. Üç əsrlik tarixə malik şirkət bundan sonra ASCO brendi ilə fəaliyyətini davam etdirmək qərarına gəlib.

Rauf Vəliyev əlavə edib ki, möhtərəm Prezidentimiz İlham Əliyevin yubiley münasibətilə bir qrup dənizçini orden və medallara, fəxri adlara layiq görməsi Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyini daha da əlamətdar edib.

Sonra orden, medal və vəsiqələr sahiblərinə təqdim edilib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Dənizçilər əməklərinə verilən yüksək qiymətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirib, onlara göstərilən böyük etimadı əməli işləri ilə doğruldacaqlarını, ölkənin tərəqqisi, dəniz nəqliyyatının inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklərini söyləyiblər.

Qeyd edək ki, mərasimdə “Dənizçilər var olsun” marşının ifaçısı xalq artisti Mübariz Tağıyevə də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalı təqdim olunub.